Avropa sürətlə yayılan yanğınların qarşısında aciz qalıb
26 İyul 2009 Bazar 19:55
Fransanın Korsika adasındakı nadir meşələrdə yanğının qarşısını almaq hələ də mümkün olmayıb

Avropanın cənubu sürətlə yayılan yanğınların qarşısında aciz qalıb. Fransada bir sıra ərazilərdə yanğının qarşısını almaq mümkün olsa da, Korsikadakı nadir meşələr hələ də yanmaqdadır. Adada son bir neçə gündə 5 min hektar meşə sahəsi külə dönüb. Demək olar ki, bir neçə kənd tamamilə yanıb.

Fransada yanğın törətməkdə günahkar bilinən 3 nəfər artıq həbs olunub. Günahı sübuta yetirilərsə, onları 15 ilə qədər həbs cəzası gözləyir.

İtaliya yanğınsöndürənləri isə bir sıra ərazilərdə alovun qarşısını ala bilsələr də, Sardiniya, Siciliya və Kalabridə yanğınla mübarizə aparan mindən çox yanğınsöndürən, aviasiya və xüsusi texnikalar hələ ki, alova qalib gələ bilmir.

Qeyd edək ki, iki nəfərin ölümünə səbəb olan yanğınlar artıq 15 min hektar sahəni əhatə edib və ölkənin digər hissələrinə də yayılıb. İtaliya hökuməti yanğınların ölkə büdcəsinə 80 milyon dollar həcmində ziyan vurduğunu bəyan edib .

İspaniyada isə artıq yanğının əsas ocaqlarını söndürmək mümkün olub. Lakin hava isti olduğundan və güclü külək əsdiyndən yanğınların yenidən artacağı təhlükəsi hələ də qalmaqdadır. Qeyd edək ki, bir neçə gündür davam edən yanğınlar nəticəsində 20 min hektar meşə sahəsi külə dönüb, yüzlərlə insan yaşayış yerlərindən köçürülüb. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar