Avropa İttifaqı faciəvi sonluqla üzləşə bilər
30 May 2010 Bazar 12:15
Qərbi Balkan ölkələrinin liderləri birgə bəyanatla çıxış ediblər.
“Avropa Birliyinin hazırki şəkildə genişlənməsi maliyyə böhranına mənfi təsir etmir və bu səbəbdən bu proses dayandırılmamalıdır”. Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda bir araya gələn Qərbi Balkan ölkələrinin liderləri belə bir bəyanatla çıxış ediblər.
Qərbi Balkan ölkələri liderlərinin toplaşdığı konfransda iştirak edən Bosniya, Serbiya, Xorvatiya və Çernoqoriya liderləri Avropa Birliyinə daxil olmaqda birgə strateji maraqlar barəsində razılığa gəliblər. Liderlər bildirib ki, onların ölkləri Avropa İttifaqına üzv olmaq prosesində fərqli mərhələlərdə olsalar da, sözügedən ölkələr bu yolda bir-birilərinə kömək edəcəklər. Balkan liderlər eyni zamanda maliyyə böhranı səbəbindən Aİ-nin genişlənməsi prosesində açıq-aşkar ləngimədən narahatlıqlarını ifadə ediblər.
“Mən sizin qarşısınızda demək istəyirəm ki, əgər Avropa Birliyinin genişlənməsi siyasəti dünya iqtisadi böhranının nəticəsi olaraq dayandırılsa bu qrumun çox böyük və bağışlanılmaz səhvi olacaq. Bu səhv Qərbi Balkan xalqlarının vətəndaşları və eyni zamanda Avropa Birliyinin özü üçün faciəvi sonluq anlamına gələcək”, - deyə Serbiya prezidenti Boris Tadiç çıxışında bildirib.
Qeyd edək ki, Qərbi Balkan liderləri həmçinin gələn həftə Sarayevoda toplanacaq Avropa Birliyi xarici işlər nazirlərini Qərbi Balkanların qruma daxil edilməsinə dair öz öhdəliklərini qəbul etməyə çağırıb.
Xatırladaq ki, Balkan liderlərinin görüşü regiondakı qeyri-hökmət təşkilatları tərəfindən təşkil edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: