Avropa İnsan Hüquqları Məhkəməsi erməni müxalifətçilərin işinə baxmağa başlayır
11 May 2010 Çərşənbə Axşamı 02:55
Məhkəmə İrəvandakı qanlı hadisələrdən sonra həbs edilənlərlə bağlı əlavə materiallar istəyib.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİŞM) 1 mart 2008-ci ildə İrəvandakı qanlı hadisələrlə bağlı müxalifət fəallarına qarşı qaldırılmış cinayət işləri ilə bağlı hərəkətə keçib. AİHM iddiaçılardan Ermənistan parlamentinin deputatları Miasnik Malxasyan və Akop Akopyanın həbsi ilə əlavə materiallar istəyib. Həmin materillar əsasında Ermənistan hökumətinə yol verilmiş qanunsuzluqlarla bağlı sorğu göndəriləcək.

Miasnik Malxasyan və Akop Akopyan 2008-ci il martın əvvəllərində hakimiyyətin ələ keçirilməsinə cəhd və kütləvi iğtişaşların təşkili ittihamları ilə həbs ediliblər. Onlar 9 ay həbsdə qalıblar. Vəkil Melanya Arustamyanın sözlərinə görə, deputatların azadlıq hüququ pozulub. Belə ki, istintaq orqanı və məhkəmə onların həbs müddətinin uzadılması ilə bağlı qərarı əsaslandırmayıb: “İstintaq orqanı yalnız diqtə edib, məhkəmələr isə detallara varmadan standart qərarlar qəbul ediblər”. Vəkil bildiri ki, müdafiə etdiyi şəxslərə qarşı vəhşicəsinə davranılıb. AİHM-ə göndərilən şikayətlərdə həmçinin müxalifətçilərin ədaolətli mühakimə hüququnun pozulduğu da qeyd edilir.

Erməni Milli Konqresinin hüquqi dəstək mərkəzindən bildirilib ki, 1 mart 2008-ci il hadisələrində həbs edilən bütün müxalifətçilərin işləri ilə bağlı şikayətlər AİHM-ə göndərilib.

Xatırladaq ki, 2008-ci il fevralın 19-da Ermənistanda prezident seçkiləri keçirilib. Seçkilərdə hazırkı prezident Serj Sarkisyan qalib elan edilib. Müxalifətin lideri, eks-prezident Levon Ter-Petrosyan isə tərəfdarları ilə birlikdə fasiləsiz aksiyalar təşkil edib. Müxalifətçilər 10 gün “Azadlıq” meydanını tərk eməyiblər. Lakin martın 1-i səhər saatlarında polis əməkdaşları dəyənəklərdən istifadə etməklə müxalifətçiləri meydandan qovub. Rəsmi İrəvanın bu addımı sonrakı qanlı hadisələrin əsasını qoyub. Bir qədər sonra müxalifətçilər Fransa səfirliyinin yaxınlığındakı meydana toplaşıblar. Axşam isə İrəvana qoşun hissələri yeridilib. Müxalifət tərəfdarları ilə ordu arasında qarşıdurma yaranıb. Nəticədə 10 nəfər ölüb, 200-dən artıq adam yaralanıb. Müxalifət liderlərinin əksəriyyəti, o cümlədən, deputatlar Akop Akopyan, Miasnik Malxasyan, Sasun Mikaelyan, eləcə də keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan, Baş prokurorun sabiq müavini Qaqik Canqiryan həbs ediliblər. Levon Ter-Petrosyanın tərəfdarları-deputat və sahibkar Xaçatur Sukiasyan, “Aykakan jamanak” qəzetinin redaktoru Nikol Paşinyan barəsində axtarış elan edilib. Sonralar prezident Serj Sarkisyan tərəfindən elan edilmiş amnistiya nəticəsində müxalifətçilərin bir qrupu həbsdən buraxılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar