Ukrayna FHN:"Donmamaq üçün çoxlu idman edin və soyuq su ilə yuyunun"
Bu həftə ərzində Avropada şaxtalı havadan ölənlərin sayı artıq 250 nəfəri ötüb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, şaxtalı hava Avropada həyatı iflic edib.
Belə ki, Rumıniyada 24 nəfər soyuq havanın qurbanı olub. Burada havanın tempraturu -34 dərəcəyə düşüb. Şiddətli şaxta üzündən Rumıniyanın Konstansa sahillərində Qara dəniz tamamilə donub. Hətta iş o yerə çatıb ki, insanlar donmuş dənizin üstü ilə hərəkət edir.
Şaxtalı hava Ukraynanı da çıxılmaz vəziyyətə salıb. Burada 122 nəfər soyuqdan donaraq ölüb. Ölkədə addımbaşı donmuş insan cəsədlərinə rast gəlmək olur. Gərəkli tədbirlər görməməkdə günahlandırılan Ukraynanın fövqəladə hallar naziri Viktor Boloqa soyuqdan qorunmaq üçün çoxlu idman etməyi məsləhət görüb. “Səhər tezdən oyanın, idman edin və işləyin. Səhər 8-10 km qaçın və soyuq su ilə yuyunun”.
Polşada isə 27 dərəcə şaxta qeydə alınıb. Burada soyuqdan ölənlərin sayı 45 nəfərə çatıb.
Sibirdə isə güclü qar yağışından 11 min kəndli evlərində köməksiz vəziyyətdə qalıb.
Almaniyanın cənubunda rekord drəcədə şaxta müşahidə olunub. Burada havanın tempraturu -27,3 dərəcəyə düşüb.
İtaliyanın paytaxtı Romaya isə son 27 ilin ən şiddətli qarı yağıb. Burada 5 nəfər donaraq ölüb.
Qonşu Türkiyədə də soyuq və qarlı hava şəraiti davam edir. Ölkənin Balıkəsir bölgəsində 355 kəndin yolu tamamilə bağlanıb və kəndlər təcrid olunub. Yerli hakimiyyət vətəndaşlara müraciət edərək ehtiyatlı olmağa, xüsusilə kömür sobaları və elektriklə diqqətli davranmağa çağırıb. Ölkənin Zonquldağ bölgəsində isə son 30 ilin ən soyuq havası, mənfi 13 dərəcə şaxta qeydə alınıb. Ölkənin əsas şəhərlərində qarlı və şaxtalı hava nəqliyyatın hərəkətini çətinləşdirib.