Avropa Birliyi Ermənistana ciddi xəbərdarlıq etdi
22 Dekabr 2012 Şənbə 15:18
Qurum qonşularımıza ticarət siyasətini dəqiqləşdirməyi məsləhət görür.
Avropa Birliyi (AB) Ermənistana xəbərdarlıq edib. Qurumun xarici məsələlər üzrə Ali komissarı Ketrin Eştonun sözçüsü Maya Koçiyançiç Ermənistanın Rusiya və digər MDB ölkələri ilə birgə Gömrük İttifaqına daxil olmasına dair rəsmi mövqeyini açıqlayıb.
Ketrin Eştonun sözçüsü "Azadlıq radiosu"nun Brüssel müxbiri ilə söhbətində Avropa Birliyinin Ermənistandakı səfiri Trayan Xristeanın Ermənistanın AB və Avrasiya İqtisadi Birliyi arasında seçim etməli olduğunu birbaşa təsdiqləməkdən faktiki şəkildə yayınıb.
“Fikrimcə, ən yaxşısı həmişə bu cür məsələləri əsas mənbə ilə aydınlaşdırmaqdır. Tez-tez olur ki, belə bəyanatlar özünü doğrultmur. Hazırda assosiasiya haqda razılaşma və hərtərəfli azad ticarət zonası yaradılmasına dair müqavilə bağlanması ətrafında danışıqlar aparırıq”, - deyə Maya Koçiyançiç qeyd edib.
Lakin o deyib ki, burada əsas problem azad Gömrük ittifaqı ilə bağlıdır: “Ermənistan hansısa gömrük birliyinə qoşulmaq qərarına gəlsə, bu Avropa Birliyi ilə azad və geniş ticarət zonasının yaradılmasına dair imzalanmış ikitərəfli müqavilə ilə uyğunluq təşkil etməyəcək. Çünki Gömrük ittifaqının ümumi xarici ticarət siyasəti var. Bu ittifaqa daxil olan ölkələrin isə artıq xarici ticarət siyasətində suveren deyillər”.
Koçiyançiç əlavə edib ki, Avropa Birliyi bir neçə gün bundan öncə Ermənistanla danışıqlar aparıb. Həmin əməkdaşlıq şurası çərçivəsində Ermənistan azad və hərtərəfli ticarət zonası yaradılması haqda danışıqların tərəfdarı olduğunu ifadə edib.
Bir sözlə, belə nəticə çıxır ki, Ermənistanın Rusiya və digər MDB ölkələri ilə Gömrük ittifaqına daxil olmaq, Avropa Birliyi və Ermənistan arasında azad ticarət zonası haqda danışıqlar çərçivəsində əldə edilmiş razılaşmaya ziddir.
DOSTLARINLA PAYLAŞ: