Avropa Birliyi Ermənistana 36,8 milyon avro ayırıb
09 Noyabr 2010 Çərşənbə Axşamı 22:20
Vəsait İrəvan metropoliteninin təmirinə və kiçik şəhərlərin su sisteminin yenidən qurulması üçün nəzərdə tutulur.
Avropa Birliyi İrəvan metropoliteni və Ermənistanın kiçik şəhərlərinin su təminatı sisteminin yenidən qurulmasına yardım edəcək. Bu proqramın reallaşması üçün qurum Ermənistana ümumilikdə 36,8 milyon avro həcmində maliyyə yardımı ayırıb. ANS PRESS-in erməni kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurası məlumat yayıb.
Məsələ ilə bağlı danışıqlar Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryanın qurumun nümayəndəsi Sara Rinaldi ilə keçirdiyi görüşdə əsas müzakirə obyekti olub. Görüş zamanı İrəvan metropoliteni və Ermənistanın kiçik şəhərlərinin su təminatı sisteminin yenidən qurulması işlərinin maliyyələşdirilməsi müzakirə edilib.
Avropa tərəfi proqramın uğurla həyata keçiriləcəyi təqdirdə maliyyə yardımının artırılacağına əminliyi ifadə edib. Qeyd edək ki, bu maliyyənin böyük hissəsi mükafat qismidə təmənnasız yardım hesab edilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: