Avrokomissar Türkiyəyə yol göstərdi
06 Aprel 2010 Çərşənbə Axşamı 12:55
Ştefan Fulye İrəvanda erməni-türk münasibətlərindən danışıb
Erməni-türk münasibətlərinin nizamlanması Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olma prosesi üçün faydalı olacaq. Bu barədə çərşənbə axşamı İrəvanda Aİ-nin genişləndirmə və Avropa qonşuluq siyasəti məsələləri üzrə komissarı Ştefan Fulye Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə birgə keçirilən mətbuat konfransında bildirib.
“İkitərəfli münasibətlərin nizamlanma perspektivləri Türkiyənin Avropa İttifaqına üzvlük prosesi üçün faydalı olacaq. Çünki, xoş qonşuluq münasibətləri ölkələrin Aİ-yə daxil olması üçün qiymətləndirilməsi zamanı mühüm keyfiyyətdir”, - deyə Fulye bildirib.
Bununla yanaşı, avrokomissar qeyd edib ki, Aİ erməni-türk protokollarının imzalanmasını alqışlayıb və bu prosesə yardım göstrib. Fulye əlavə edib ki, Aİ protokolların düşünülmüş müddətə ilkin şərtsiz təsdiqini təsdiqləyir və sənədlərin qüvvəyə minməsindən sonra transsərhəd probleminin həllinə yardım göstərməyə hazırdır.
Xatırladaq ki, Ştefan Fulye bu gün İrəvana gəlib. Ermənistana səfər çərçivəsində Fulyenin rəhbərlik etdiyi nümayəndə heyətinin prezident Serj Sarkisyan və baş nazir Tiqran Sarkisyanla görüşləri planlaşdırılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: