Buna səbəb “Pole Çudes” verilişinin aparıcısının hava reysinin gecikdiyinə görə aeroportda dava salmasıdır.
Rusiyanın “Ayroflot” aviaşirkəti məşhur teleaparıcı Leonid Yakuboviçi məhkəməyə verəcək. Buna səbəb, “Pole Çudes” aparıcısının hava reysinin gecikdiyinə görə aeroportda dava salmasıdır. Mart ayının ortalarında Leonid Yakuboviçin uçmalı olduğu təyyarə pis hava şəraiti ucbatından 5 saata yaxın havaya qalxmayıb. Yakuboviçi özündən çıxaran, gecikmənin səbəbinin sərnişinlərə aydın şəkildə izah edilməməsi olub.
Teleaparıcının əsəblərinə işləyən digər məsələ, tabloda “Yaxşı yol” yazısının göstərilməsidir. Hər şeyin bir-birinə qarışması ilə, hava limanında aləm bir-birinə dəyib. Yakuboviç gecikmənin səbəbini göstərən aktın tərtib olunmasını tələb edib və uçuşu gözləyən sərnişinlərin nədən qidalandırılmadığını soruşub.
İş o yerə çatıb ki, Yakuboviç aviaşirkətin qadın işçisinə fiziki xəsarət yetirməklə hədələyib və aeroportun ünvanına nalayiq söz işlədib. Maraqlı görüntülər qısa vaxt sonra “YouTube” video portalına yerləşdirilib.