Atom Enerjisi Agentliyi İranın nüvə proqramı ilə bağlı hesabat yayıb
17 Noyabr 2009 Çərşənbə Axşamı 02:10
Atom Enerjisi Agentliyi İranın nüvə proqramı ilə bağlı hesabatında qeyd edir ki, Qum şəhəri yaxınlığında nüvə zavodunun yaradılmasına yeddi il əvvəl başlanılıb
Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramı ilə bağlı yeni hesabat açıqlayıb. Hesabatda bildirilir ki, İran nüvə məsələsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmir. Sənəddə deyilir ki, Qum şəhəri yaxınlığında nüvə zavodunun yaradılmasına rəsmi Tehranın elan etdiyi kimi bu ilin sentyabrında yox, yeddi il əvvəl başlanılıb. Hesabat müəllifləri iddia edirlər ki, tapıntılar Qumdakı zavodun inşasına 2002-ci ildə başlandığını, 20110ci ildə isə istifadə veriləcəyini təsdiqləyir.
Beynəlxalq Atom Enerjisi Agentliyi yeni zavodun İranın gizli nüvə proqramının bir hissəsi olduğundan şübhələnir. Qeyd edək ki, rəsmi Tehran zavodun varlığını ilk dəfə sentyabrın 21-də açıqlamışdı.
Hesabat açıqlanandan dərhal sonra Ağ Ev məsələyə münasibətini açıqlayıb. Dövlət Departamentinin nümayəndəsi İen Kelli bildirib ki, rəsmi Tehranın beynəlxalq ictimaiyyət qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini Beynəlxalq Atom Enerjisi Agentliyi də təsdiqləyir. Onun sözlərinə görə, Birləşmiş Ştatlar nüvə proqramı ilə bağlı İrana təzyiqləri davam etdirəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: