ATƏT-dən Ermənistana zərbə
28 İyun 2012 Cümə Axşamı 14:40
Beynəlxalq qurum bu ölkədə keçirilən parlament seçkilərində ciddi nöqsanlara yol verildiyini bəyan edib.
ATƏT-in qərb müşahidəçiləri Ermənistanda keçirilən parlament seçkiləri ilə bağlı hazırladıqları məruzəyə dair açıqlama veriblər. Müşahidəçilər səsvermə zamanı seçki məntəqələrində ciddi nöqsanlara yol verildiyini qeyd ediblər.
Bildirib ki, seçkilər zamanı təşkilatçılıqla bağlı yaranan problemlər açıq şəkildə özünü büruzə verib. Beynəlxalq müşahidəçilər seçiciləri qorxutmaq, onları ələ almaq kimi ciddi pozuntularla da rastlaşdıqlarını qeyd ediblər.
Hazırlanmış son məruzədə vurğulanıb ki, seçkilərdə rəsmən qələbə qazandığı elan olunan Ermənistan Respublikaçılar Partiyası inzibati resurslardan yalnız öz xeyirlərinə istifadə edib.
Müşahidəçilər bildiriblər ki, Ermənistan Respublikaçılar Partiyası və onun koalisiya tərəfdaşı Çiçəklənən Ermənistan Partiyası seçicilərin namizədlər tərəfindən ələ alınmasını qadağan edən hüquqi normaları dəfələrlə pozmuş, onları pulla ələ almağa çalışıblar.
Səsvermə prosesində ciddi pozuntulara yol verildiyi bildirilən məruzədə beynəlxalq müşahidəçilər bəzi seçki məntəqələrində bülletenlərin topa halında qutuya salınması kimi xoşagəlməz hadisələrlə rastlaşdıqlarını qeyd edib. Bir sözlə, seçkilərin heç də şəffaf keçmədiyini vurğulanıb.
Xatırladaq ki, Ermənistandakı parlament seçkiləri ilə bağlı ATƏT-in bundan əvvəl hazırladığı məruzədə seçkilərin demokratik şəkildə keçirildiyi bildirilmişdi. Müşahidəçilər həmin məruzə ilə bağlı şərh verməkdən imtina etmişdilər.
DOSTLARINLA PAYLAŞ: