Asiyanı sel aparır
18 Oktyabr 2010 Bazar Ertəsi 23:30
Asiyanı sel aparır. Yüz minlərlə insan evsiz qalıb.
Çinin cənubunda leysan yağışlar daşqınlara səbəb olub. 400 mindən çox insan öz evlərini tərk etməyə məcbur olub. Henan əyalətinin sakinləri hökumət idarələri və məktəblərin binalarında yerləşdirilib. Rəsmilər son daşqından 2,7 milyon insanın zərər çəkdiyini bildirib. Bir neçə nəfərin də itkin düşdüyü bildirilir. Henan əyalətində əkin sahələrinin 90 faizinə, yollara ziyan dəyib, bütün regionda telekommunikasiya şəbəkələri kəsilib.

Filippində isə son illərin ən güclü qasırğası tüğyan edir. “Meqi” qasırğası nəticəsində sahil bölgələrdə yaşayan 3000-dən çox sakin təhlükəsiz ərazilərdə müvəqqəti sığınacaqlara köçürülüb. Bölgədə məktəblər bağlanıb. Qasırğanı müşayiət edən leysan yağışlar İsabela əyalətində torpaq sürüşməsinə səbəb olub. Hazırda qasırğanın Filippinin şimmalındakı Luzon adası üzərində tüğyan etdiyi bildirilir. Bir çox daxili və xarici uçuşlar təxirə salınıb. Qasırğanın güclənəcəyi ehtimal edildiyindən, minlərlə Filippin hərbçisi və könüllülər səfərbər olunub. Leysan yağışlar düyü sahələrinə də ziyansız ötüşməyib.

Tailandda da leysan yağışlar daşqınlara səbəb olub. Ölkənin cənub-qərbindəki Naxon Ratxasima əyaləti 3 gündür davam edən aramsız yağışlar nəticəsində sel suları altında qalıb. Tailand ərazisinin böyük bir hissəsini öz cənginə alan leysan ölkədə son 50 ilin ən güclü yağışı hesab edilir. Dağıntılar olsa da, xəsarət alan və ölən yoxdur.

Vyetnamda isə daşqın baş verib. Regionda yağan leysan yağışlar Vyetnamda 126 min insanın evakuasiya olunmasına səbəb olub. Xilasetmə işlərinə 300-ə yaxın əsgər cəlb edilib. Düyü sahələrinə ciddi ziyan dəyib. Vyetnama "Meqi" qasırğasının yaxınlaşması ilə vəziyyətin daha da pisləşəcəyi proqnozlaşdırılır. Bir sərnişin avtobusunu sel aparıb, 17 nəfər sərnişin xilas edilib, 20 nəfərin isə itkin düşdüyü bildirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar