AŞ PA prezidenti Sarkozini cəfəngiyyatda günahlandırdı
18 Dekabr 2011 Bazar 05:19
“Türkiyə Sarkozi kimi insanların seçki kampaniyalarında alət olacaq bir ölkə deyil”.
Fransa parlamentində “erməni soyqırımı”nı inkara görə cəza nəzərdə tutan qanun layihəsinin müzakirəsi perspektivinə Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu da münasibət bildirib. ANS PRESS-in Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, AŞ PA prezidentinin reaksiyası çox sərt olub.
“Bu, Nikola Sarkozinin itirdiyi dəstəyi bərpa etmək üçün atdığı cəfəng addımlardan biridir. Bunu fransızların üzünə də deyirəm”, - Mövlud Cavuşoğlu bildirib. Onun sözlərinə görə, Fransa parlamentinin müzakirəsinə çıxarılan qanun layihəsi Avropa Şurasının prinsiplərinə, düşüncə azadlığına ziddir: “Siz “soyqırımı” var deyə bilərsiniz. Amma mənim də “yoxdur” demək hüququm var. Belə düşüncə tərzi olmaz. Bu, prinsiplərimizə ziddir. Fransalı dostlarımıza xəbərdarlıq etmişik”.
Mövlud Çavuşoğlu ümid etdiyini bildirib ki, Fransa parlamentində sağlam düşüncə qalib gələcək. “Əkst təqdirdə, bunun nəticələri Fransa üçün xoş olmayacaq. Bu, Nikola Sarkozinin seçki alətlərindən biridir. Türkiyə hər hansı ölkənin və ya Sarkozi kimi insanların seçki kampaniyalarında alət olacaq bir ölkə deyil”, - AŞ PA prezidenti deyib.
DOSTLARINLA PAYLAŞ: