Fransada arıçılar məhsullarını toplamaq üçün getdikləri kənddə sürprizlə qarşılaşıblar. ANS PRESS-in türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Almaniya ilə sərhəddə yerləşən Alsace bölgəsinin Ribeauville şəhərində arıların pətəkləri yaşıl, qırmızı, qəhvəyi balla dolu olub.
Bu qeyri-adi vəziyyətin səbəbini öyrənmək üçün ballar analizə göndərilib. Nəticədə onların içərisində qida boyası aşkar edilib. Boyanın bala necə qarışdığını müəyyən etmək üçün araşdırma aparılıb.
Sən demə 2012-ci ildə havalar qeyri-sabit olduğu üçün arılaq qida tapmaqda çətinlik çəkiblər. Təbii qida tapmayan arılar yaxınlıqdakı şəkər fabrikinin rəngli şəkərlərindən faydalanıblar.
Hələlik arıçılar rəngli balları satışa çıxarmayıblar. Onların normal vəziyyətinə qayıdıb-qayıtmayacağı isə hələ sual altındadır.