Argentinanın son diktatoru növbəti həbs cəzasına məhkum edildi
30 Dekabr 2011 Cümə 03:15
Hərbi xuntanın sonuncu nümayəndəsi artıq üçüncü dəfədir üst-üstə azadlıqdan məhrum edilir.
Argentinanın ömürlük həbsdə olan son diktatoru Reynaldo Binyone yeni cəzaya - 15 il müddətinə azadlıqdan məhrumetməyə məhkum edilib. Məlumatı “Fran Press” agentlyi yayıb.

Eks-diktator üzərində məhkəmə prosesindən məlumatlı mənbələr agentliyə bildiriblər ki, 83 yaşlı Reynaldo Binyoneyə növbəti cəza xuntanın siyasi rəqiblərinin saxlanıldığı “Şale” adlandırılan mərkəzin fəaliyyətində iştiraka görə verilib. Buenos-Ayres yaxınlığındakı xəstəxanaya yaradılmış mərkəzdə saxlanılanlara işgəncələr verilib.

Bu, Reynaldo Binyoneyə qarşı üçüncü məhkəmə hökmüdür. O, bundan əvvəl Argentinda hərbi xuntanın hakimiyyəti dövründə insan hüquqlarının pozulmasına görə ömürlük, eləcə də siyasi dustaqların qanunsuz azadlıqda məhrum edilməsi və işgəncə verilməsinə görə 25 il həbs cəzasına məhkum edilib.

Reynaldo Binyone Argentinada 1976-1983-cü illərdə hakimiyyətdə olmuş hərbi xuntanın sonuncu üzvüdür. O, xunta hakimiyyətinin ilk illərində siyasi dustaqlar üçün düşərgənin yerləşdiyi Kampo Mayo bazasının komandanı olub. Reynaldo Binyone 1982-1983-cü illərdə Argentinanın prezidenti vəzifəsini daşıyıb və xuntanın bu postdakı sonuncu nümayəndəsi olub.

Rəsmi məlumatlara görə, Argentinada hərbi xuntanın hakimiyyəti illərində 13 min adam itkin düşüb. Hüquq müdafiəçi təşkilatları azı 30 min nəfərin öldürüldüyünü iddia edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar