ARDNŞ Türkiyədə yeni neft emalı zavodunun tikintisini planlaşdırır
19 Sentyabr 2011 Bazar Ertəsi 12:29
Təməli yaxın vaxtlarda qoyulacaq Egey Neft Emalı Zavodunun emal gücü ildə 10 milyon ton neft təşkil edəcək
Dövlət Neft Şirkəti “Petkim” şirkətinin nəzdində yeni neft emalı zavodunun tikintisini planlaşdırır. Bu barədə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev YAP-ın rəsmi saytına müsahibəsində bildirib.
Məlumata görə, təməli yaxın vaxtlarda qoyulacaq Egey Neft Emalı Zavodunun emal gücü ildə 10 milyon ton neft təşkil edəcək. Burada istehsal olunacaq məhsulların Türkiyə bazarı ilə bərabər Aralıq dənizi və Cənubi Avropa bazarlarına da ixrac edilməsi nəzərdə tutulur. Yaranacaq əlavə enerji ehtiyacının ödənilməsi məqsədi ilə holdinqin tərkibində 25 meqavat gücündə külək enerji stansiyasının inşası üçün müvafiq lisenziya alınıb. Zavodun və stansiyanın tikilməsi, texnologiyanın yenilənməsi, istehsal xərclərinin azaldılması nəticəsində yaxın illərdə “Petkim”in məhsuldarlığı 6 milyon tona çatdırılacaq və holdinq Türkiyədə neft-kimyası məhsullarına tələbatın 40 faizini ödəmək imkanı qazanacaq.
Qeyd edək ki, bu gün Türkiyə Respublikasının ən iri neft-kimya müəssisəsi olan “Petkim” holdinqi ARDNŞ-in idarəçiliyindədir. Son illərdə bu holdinqin iqtisadi mövqeyi güclənmiş, istehsal etdiyi məhsullar Türkiyə bazarının təqribən 30%-ni əhatə etmişdir. 2010-cu ildə konsernin tərkibinə daxil olan 7 fabrikdə istehsalın ümumi həcmi rekord səviyyəyə çatdırılıb.
DOSTLARINLA PAYLAŞ: