Analoqu olmayan erməni təslimçiliyi
25 İyul 2013 Cümə Axşamı 16:51
Ermənilər ictimai nəqliyyatda gediş haqqını azaltmaq üçün Rusiyadan pul istəyir.
"Ermənistan hakimiyyəti nəqliyyatda gediş haqqını azaltmaq üçün Rusiyadan pul gözləyir". İrəvanda çıxan "Haykakan jamanak" qəzeti son günlərdə Ermənistan paytaxtında ictimai nəqliyyatda gediş haqlarının qaldırılması ilə bağlı keçirilən kütləvi etiraz aksiyasına həsr edilən məqaləsi belə adlandırılır.
ANS PRESS-in məlumatına görə, qəzet yazıb: "İctimaiyyətin təzyiqi o qədər yüksəkdir ki, həm şəhər rəhbərliyi, həm də hökumət psixoloji cəhətdən bütünlüklə çöküb və gediş haqlarının azaldılması üçün imkan axtarırlar. Amma buna bir məsələ mane olur. Bəllidir ki, Rusiya tərəfi Ermənistan üçün qazın tarifini 1000 kubmetr üçün 180 dollardan 270 dolara qaldırıb. Amma baş nazir Tiqran Sarkisyan bildirib ki, Ermənistan hökuməti qazın qiymətinin 30%-ni subsidiyalaşdıracaq. Nəticədə qazın qiyməti 189 dollara düşməlidir. Bunun üçün 150 milyon dollar vəsait lazımdır. Hökumət həmin pulu Rusiyanın özündən almaq istəyir. Rusiya ilə hansı ilkin razılığın əldə edilməsi, nəyin bahasına Rusiyanın bu pulu verməsi də bəlli deyil»,- deyə "Haykakan jamanak" ikibaşlı yazıb.
Amma ötən illərin təcrübəsi göstərir ki, Rusiya yalnız Ermənistanın suverenliyinin növbəti hissəsini qəsb etməklə, bu ölkəni tam müstəmləkəyə çevirmək yolunda növbəti addımı atmaqla bu pulu verə bilər. Əslində Ermənistanda hakimiyyəti qanlı terrorla ələ keçirmiş "Qarabağ klanı" son 15 ildə hakimiyyətini yalnız bu üsulla qoruyur. Klanın "fərasətindəndir" ki, orta maaş 360 dollar ətrafında dəyişən bu ölkdə ictimai nəqliyyatda gediş haqqının qiyməti 25 sentdən 35 sentə qaldırılıb. Halbuki, orta maaş 550 dollar ətrafında dəyişən Azərbaycanda ictimai nəqliyyatda gediş haqqı xeyli vaxtdır 25 sent qalmaqdadır və heç kim bunu dəyişmək istəmir.
DOSTLARINLA PAYLAŞ: