Fındıq bağlarından birində qızın heyvanlar tərəfindən parçalanmış cəsədi tapılıb.
Türkiyədə rüb sonunda aşağı qiymət alan qızının başına odun vuraraq ölümünə səbəb olan ana 5 il sonra işlədiyi cinayəti etiraf etdi. ANS PRESS-in məlumatına görə, hadisə Türkiyə Giresun vilayətinin Görele rayonunda baş verib.
Məlumata görə, litsey şagirdi olan 17 yaşlı Nazilə Tütünçü 2009-cu il iyunun 12-də məktəbdən qiymət kitabçasını aldığı gün yoxa çıxıb. Atası Veysəl Tütünçünün qızının itkin düşməsi barədə müraciətindən sonra polis qızın axtarışlarına başlayıb.
İyunun 18-də axtarışda iştirak edən mülki müdafiə dəstələri ərazidəki fındıq bağlarından birində qızın heyvanlar tərəfindən parçalanmış cəsədini tapıb. Yanında ov tüfəngi və qiymət kitabçası olan qızın intihar etdiyi güman olunsa da məhkəmə tibbi ekspertizası bu istiqamətdə heç bir dəlil aşkarlaya bilməyib.
Polis təzadlı ifadələrindən şübhələndiyi ana Yetər Tütünçünü bir neçə dəfə sorğulayıb və qatil ana son ifadədə cinayət işlədiyini etiraf edib. Qızının 5 dərsdən aşağı qiymət aldığını deyən ana onun başına odun vurduğunu, fındıq bağına qədər sürüdüyünü və hadisəni intihar kimi göstərmək üçün yanına tüfəng qoyduğunu etiraf edib.