“New York Times” qəzeti müxbirinin astım tutması nəticəsində öldüyü güman olunur.
Amerikanın nüfuzlu “New York Times” qəzetinin müxbiri, 2 dəfə “Pulitzer” mükafatı laureatı Anthoni Şadid Suriyada ölüb. Qəzeti tərəfindən Suriyaya ezam edilən 43 yaşlı jurnalistin astım tutması nəticəsində öldüyü güman olunur.
Qeyd edək ki, Şadid öldüyü vaxt onun yanında fotomüxbir Tayler Hiks olub. Məlumata görə, Hiks jurnalistin meyitini Türkiyəyə keçirməyə müvəffəq olub. Jurnalistin meyiti Hatay vilayəti Reyhanlı bələdiyyəsinə aid cənazə maşını ilə Adana şəhər morquna aparılıb.
Əslən Livandan olan Anthoni Şadid Yaxın Şərq mütəxəssisi idi. Daha əvvəl “Washington Post” qəzetində işləyən Şadid Amerikanın İraqa hərbi müdaxiləsi vaxtı bu ölkədən xəbərlər hazırlayırdı.
Ərəb dilini səlis bilən jurnalist ötən ilin mart ayında Liviyada Qəddafi tərəfdarları tərəfindən saxlanılan və Türkiyənin cəhdləri ilə 1 həftə sonra azadlığa buraxılan 3 “New York Times” jurnalistindən biridir.