Amerika Uitni ilə vidalaşır
18 Fevral 2012 Şənbə 16:21
Uitni Hyustonla vida və dəfn mərasimini işıqlandırmağa yalnız 1 operator buraxılacaq.
Bu gün Amerika müasir dövrün ən yaddaqalan səslərindən birinin sahibi ilə vidalaşır. Fevralın 12-də 48 yaşında vəfat etmiş dünya şöhrətli müğənni Uitni Hyuston yaxın vaxtlarda dəfn ediləcək. Nyu Cersi ştatının rəhbərliyi bütün dövlət bayraqlarının endirilməsinə qərar verib. Adətən, buna yalnız dövlət xadimləri layiq görülür.

Uitni ilə vida mərasimi uşaqlıqda xorda oxuduğu "Yeni Ümid" kilsəsində keçiriləcək. Kilsə 300 nəfərlik olduğundan, oraya yalnız ifaçının yaxınları, ailə üzvləri və dostları buraxılacaq. Hyustonun dəfnində onun keçmiş həyat yoldaşı Bobbi Braunun da iştirak edəcəyi bildirilir. Kilsədə Uitni Hyustonun "Cangüdən" filmindəki tərəf müqabili aktyor Kevin Kostner, eləcə də Stiv Vander, Elton Con, Alişia Kiz kimi bir sıra məşhur müğənnilər onun haqqında nitqlə çıxış edəcəklər. Hyuston ailəsinin istəyi ilə ənənəvi cənazə yürüşü də olmayacaq. Müğənninin ailəsi Uitni ilə sakit şəraitdə vidalaşmaq istəyib.

Kilsə ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Vida və dəfn mərasimini görmək istəyənlər isə bunu televiziya ilə canlı izləyə biləcəklər. Belə ki, vida mərasimini işıqlandırmaq üçün kilsəyə yalnız bir kütləvi-informasiya vasitələri nümayəndəsi buraxılacaq, bu da mərasimin canlı yayımlanması üçün icazə verilən operator olacaq. Hazırda pop kraliçasının pərəstişkarları kilsənin önünə axışmağa davam edir.

Xatırladaq ki, fevralın 12-də Los Ancelesin "Beverli Hilton" otelində vanna otağında ölü tapılmış Uitni Hyustonun ölümünün dəqiq səbəbi hələ məlum deyil. Onun çoxlu içki içdikdən sonra sakitləşdirici dərmanlar atdığı və huşunu itirərək suda boğulduğu ehtimal edilir. Ekspertizanın nəticəsi 6 həftədən sonra məlum olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar