Amerika İslama qarşı deyil. Bu, çox vacibdir
19 Avqust 2009 Çərşənbə 09:50
Misir dövlət başçısı 5 ildə ilk dəfə ABŞ-a səfər edəcək

 

«İsrail- Fələstin münaqişəsini həll etmək üçün fələstinli fraksiyalar arasında barışıq əldə olunmalıdır». Bu bəyanatla Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfərə hazırlaşan Misir prezidenti Hüsnü Mübarək çıxış edib.

«PBS» kanalına müsahibə verən Mübarək əsasən Fələstin- İsrail münaqişəsi, Fələstindəki fraksiyalar arasında qarşıdurma və Birləşmiş Ştatlar-İslam dünyası münasibətlərindən danışıb. Misir prezidenti etiraf edib ki, Fələstinlə İsrail arasında razılaşmadan əvvəl Fələstindəki fraksiyalar arasında barışıq əldə edilməlidir: «Dünyanın bu hissəsində sabitliyin əldə edilməsi ərəb dünyasında sabitlik deməkdir. Lakin bu məsələnin həll edilməməsi hətta dünyanın özündə belə təhlükəsizliyi hədə altında qoyacaq. Çalışırıq ki, HƏMAS-la İordan çayının qərb sahilindəki administrasiya arasında mübahisələri həll edək. Çünki bu məsələ olduqca vacibdir. Biz onlar arasındaı çatı örtməliyik, əks halda sabitlik əldə oluna bilməz. Bu halda hətta İsrailin özündə də əmin-amanlıq olmayacaq. Zorakılıqlar baş verəcək».

Ağ evə səfər qabağı Hüsnü Mübarək həmçinin ABŞ prezidenti Barak Obamanın Qahirədə «Birləşmiş Ştatlar və musəlman dünyası arasında yeni başlanğıc barədə» çıxışını yüksək qiymətləndirdiyini söyləyib. «Müsəlman dünyasında elə bir hiss var idi ki, bundan əvvəlki administrasiyanın müsəlman əhaliyə qarşı böyük mənfi münasibəti var. Bu isə musəlmanlarda, xüsusilə də müsəlman liderlərdə narahatlıq yaradırdı. Lakin Obama öz çıxışı ilə İslama qarşı olmadığını bəyan etdi. Amerika İslama qarşı deyil. Bu, çox vacibdir»,-deyə Mübarək vurğulayıb.

Qeyd edək ki, Misir dövlət başçısı 5 ildən sonra ilk dəfədi ki, Ağ evə səfər edir. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar