Bir müddət əvvəl Ağ evin mətbuat xidməti ABŞ prezidenti Barak Obamanın Mahmud Əhmədinejadı prezident seçilməsi münasibətilə təbrik etməyəcəyi barədə bəyanat versə də, rəsmi Vaşinqton Əhmədinejadın İranın seçilmiş lideri kimi tanıyıb. ANS PRESS-in "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə Birləşmiş Ştatların prezident administrasiyasının çərşənbə axşamı yayılan məlumatında bildirilir.
Qeyd edək ki, bu gün Fransa prezidenti Nikola Sarkozi də Mahmud Əhmədinejadı təbrik etməyəcəyini bəyan edib.
İranda prezident seçkiləri iyun ayının 12-də keçirilib. Seçkidə Mahmud Əhmədinejad qələbə qazanıb. Seçkidən sonra nəticələrə etiraz edən minlərlə adam küçələrə çıxıb. Bununla belə İranın ali dini lideri Ayətulla Xamneyi seçkidə qanun pozuntusunun olmadığını deyərək nəticələrin qanuni olduğunu bəyan edib./ANS PRESS/