Amerika Bakiyevə yiyə durmadı
12 Aprel 2010 Bazar Ertəsi 17:25
Vaşinqton onun üstündən "xətt çəkib".
Bu gün Birləşmiş Ştatların Qırğızıstandakı səfirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, aprelin 12-də səhər ABŞ-ın bu ölkədəki səfiri Tatyana Qfeller son günlər baş verən hadisələr zamanı yaxınlarını itirən və ya zərərçəkən Qırğızıstan vətəndaşlarına və müvəqqəti hökumət rəhbərinə başsağlığı vermək üçün Roza Otunbayeva ilə görüşüb.

“Səfir Qfeller və xanım Otunbayeva ABŞ dövlət katibinin köməkçisi Robert Bleykin Qırğızıstana qarşıda duran səfəri ilə bağlı məsələləri də müzakirə edib. Qfeller ABŞ-ın Qırğızıstana humanitar yardım sahəsində və ölkənin demokratik inkişafı istiqamətində dəstək göstərməyə hazır olduğunu bir daha təsdiq edib”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, aprelin 14-də ABŞ dövlət katibinin köməkçisi Robert Bleykin Qırğızıstana səfəri gözlənilir. Səfər zamanı o, müvəqqəti hökumətin üzvləri ilə görüşəcək və 10 aprel tarixində ABŞ dövlət katibi Hillari Klintonla müvəqqəti hökumət rəhbəri Roza Otunbayeva arasında aparılan telefon danışığı zamanı qaldırılan məsələləri müzakirə edəcək.

Səfirliyin digər bir məlumatında bildirilir ki, ABŞ səfirliyinin prezident Bakiyevə sığınacaq verilməsi və ya ona Qırğızıstandan çıxmaqda kömək göstərilməsinə dair planı yoxdur. Ziddiyyətli fikirləri özündə əks etdirən məlumatların heç biri həqiqətə uyğun deyil.

Maraq üçün qeyd edək ki, ABŞ səfirliyinin məlumatlarında Bakiyevin soyadının qarşısında artıq “prezident” və ya “keçmiş prezident” sözləri yazılmır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar