Avropanın digər millətlərindən fərqli olaraq almanlar öz itlərinə ildə 5 milyard avro pul xərcləyirlər. ANS PRESS-in “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya İtçilik İttifaqının bu gün açıqlanan məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, bu məbləğə dördayaqlı dost, yem və bəzi malların alınması, həmçinin baytara və vergilərə verilən pullar daxildir.
Hazırda, İttifaqın məlumatına görə, Almaniyada 5 milyondan çox it var. Ölkənin iri şəhərlərində bu heyvanlar üçün ixtisaslaşdırılmış mağazalar və butiklər açılır. Buradan itlər üçün ən müxtəlif çeşidli malları əldə etmək mümkündür.
İtlər üçün nəzərdə tutulan aksessuarlar İnternet və ixtisaslaşdırılmış sərgi-yarmarkalardan da əldə edilir. /ANS PRESS/