Almaniyada girov qalmaqalı qanlı bitdi
05 İyul 2012 Cümə Axşamı 06:31
Hadisəyə səbəb silahlı şəxsin yoldaşının mənzilinin boşaldılması ilə bağlı məhkəmə qərarı olub.
Almaniyanın Karlsrue şəhərində naməlum silahlı şəxs aralarında biri türk olmaqla bir müddət mənzildə girov saxladığı 4 nəfəri öldürüb. Almaniya polisinin verdiyi məlumata görə, girovların xilasetmə əməliyyatı uğurlu alınmayıb. Polis bir müddət silahlı şəxsin başını qatmağa çalışıb. Lakin içəridə yanğın baş verdiyini hiss edən əməliyyat iştrakçıları içəri girməyə məcbur olub və girovların öldürüldüyünü görüb. 53 yaşlı adı açıqlanmayan şəxs polis əməkdaşları içəri girməyə imkan tapmamış girovların hamısını öldürüb. Sonda isə ov tüfəngi ilə özünə də atəş açıb.

Öldürülən şəxslərin mənzilin əvvəlki sahibəsi ilə yeni sahibi, məhkəmə icraçısı və Mustafa Gülər adlı türkiyəli çilingər olduğu bildirilir. Məlumata görə, hadisənin baş verməsinə səbəb silahlı şəxsin birgə yaşadığı yoldaşının mənzilinin boşaldılması ilə bağlı məhkəmə tərəfindən verilən qərar olub. Almaniya polisi silahlı şəxsin əvvəllər cinayət törətmədiyini açıqlasa da, hadisənin əvvəlcədən planlaşdırılmasından şübhələnir.

Qeyd edək ki, türk əslli 28 yaşlı Mustafa Gülər 2 övlad atası idi və onun həyat yoldaşı 3-cü uşağa hamilə idi.




DOSTLARINLA PAYLAŞ:

oyunlar