Almaniya prezidenti qəzet redaktoruna zəng etdiyinə görə üzr istədi
05 Yanvar 2012 Cümə Axşamı 01:13
Kristian Vulf: “Zəng etməyim ciddi səhv idi və bundan təəssüflənirəm”.
Almaniya prezidenti Kristian Vulf televiziya müsahibəsində bəyan edib ki, adı ətrafında yaranmış qalmakqalla əlaqədar istefa vermək niyyətində deyil.
Dekabrın ortalarında Almaniyanın populyar “Bild” tabloidi məlumat yayıb ki, Kristian Vulf 2008-ci ildə Aşağı Saksoniya torpağının baş naziri olarkən 500 min avro məbləğində güzəştli kredit alıb. Bu günlərdə isə məlum olub ki, xəbər yayılmazdan bir qədər əvvəl Almaniya prezidenti “Bild”in baş redaktoru Kay Dikmanla telefon danışığı zamanı ona təzyiq göstərməyə və tənqidi məqalənin qarşısını almağa çalışıb.
Almaniya prezidenti ARD və ZDF telekanallarına müsahibəsində baş verənlərlə bağlı deyib: ““Bild” qəzetinin redaktoruna zəng etməyim ciddi səhv idi və buna görə təəssüflənirəm. Üzr istəyirəm. Milad bayramından əvvəlki bəyanatımda mətbuat və ifadə azadlığı prinsiplərinə əməl edilməsinin vacibliyi açıq şəkildə ifadə edilib. Yaranmış şəraitdə mən KİV-lə münasibətlərini yeni qaydada nizama salmalıyam”.
Kristian Vulf güzəştli kredit götürərkən buraxdığı səhvləri də etiraf edib. Bununla belə, o, bəyan edib ki, istefaya getmək niyyətində deyil. Almaniya prezidenti qanunları bir dəfə də pozmadığını bildirib.
DOSTLARINLA PAYLAŞ: