Al Kaponenin evi 8.5 milyon dollara satılır
09 Fevral 2014 Bazar 06:23
Evin hazırkı sahibi Nyu-York maliyyəçisi Entoni Panebianko bu evi il yarım öncə 7.4 milyon dollara alıb.
ABŞ-ın Florida ştatının Mayami-Biç şəhərində Amerikanın məşhur qansteri Al Kaponeyə məxsus ev 8.5 dollar dəyərində satışa çıxarılıb.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 1922-ci ildə inşa edilən böyük ev 9 yataq və 7 hamam otağından ibarətdir. Ümumi sahəsi 930 kvadrat metr olan ev Palm-Aylend adasında yerləşir. Al Kapone bu evi spirtli içkilərin qaçaqmalçılığı ilə yığdığı pulun hesabına 40 min dollara alıb. Evin ərazisində özəl liman, böyük basseyn və qonaqlar üçün əlavə ev tikilib.

Xatırladaq ki, Al Kapone 1947-ci ildə 48 yaşında dünyasını dəyişib. Qansterin qohumları bu evdə 1970-ci ilədək yaşayıblar. Sonra isə bu evi “Delta Airlines” aviaşirkətinin pilotu Henri Morrison alıb. Evin hazırkı sahibi isə Nyu-York maliyyəçisi Entoni Panebianko bu evi il yarım öncə 7.4 milyon dollara alıb.

Al Kapone Mayamiyə Çikaqo və Los-Ancelesdən qovulduqdan sonra gəlib. Florida ştatının qubernatoru şeriflərə göstəriş verib ki, imkan olan kimi onu tutub ştatdan qovmaq lazımdır. Amerika ictimaiyyətini silkələyən hadisə isə Al Kapone tərəfindən 1929-ci il fevral ayının 14-də, Valentin günündə baş verib. Həmin gün Al Kapone Çikaqo şəhərində özünün düşmən hesab etdiyi 14 nəfəri güllələyib, ancaq polis əlində dəlil olmadığına görə onu tuta bilməyib. Onun həbsxanaya göndərilməsi isə qeyri-leqal spirtli içkilərin satıışına görə olub.

Qeyd edək ki, Al Kapone 4 il yarım həbsxanada yatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar