“AKP-nin İstanbulda səs itirəcəyinə inanıram”
09 May 2011 Bazar Ertəsi 11:02
““Erməni açılımı”nın nəticəsi bir “heç”dən ibarətdir”


İstanbul. Mais Əlizadə - APA. Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının ən fəal millət vəkillərindən biri, İstanbulun ikinci seçki bölgəsindən millət vəkilliyinə namizəd Çətin Soysalın APA-ya müsahibəsi

- Son rəy sorğusuna əsasən AKP-nin reytinqi 40%, CHP-nin reytinqi isə 30%-dir. Sizcə, bunlar doğru rəqəmdirmi?

- Əslində ictimai rəy sorğularına baxaraq seçki təbliğatının gedişatına qiymət vermək doğru deyil. Çünki bütün hallarda iqtidar partiyası rəy sorğularından öz təbliğatı üçün istifadə edir. Öz müşahidələrimdən İstanbulda CHP ilə AKP-nin reytinqlərinin təxminən eyni olduğunu görürəm. AKP-nin birinci sırada olmasına dair iddiaların yönləndirmə olduğuna inanıram. İctimai rəy sorğusunda sualı necə versəniz, ona uyğun cavab alarsınız.

- Hazırkı rəy sorğularında sualları vətəndaşları yönləndirərək verirlər?

- Bəli, vətəndaşlarımızı AKP-nin lehinə yönləndirirlər.

- CHP ilə AKP-nin reytinqinin təkcə İstanbulda eyni olduğunu iddia edirsiniz, yoxsa bütünlüklə Türkiyədə?

- Bu, İstanbul üçün keçərlidir. Ancaq Türkiyə miqyasında baxanda AKP-nin 40%-dən artıq səs alacağını düşünmürəm. Çünki AKP-nin 40%-dən artıq səs alması üçün vətəndaşları cəlb edəcək yeni layihələr olmalıdır. Halbuki ortada AKP-nin ortaya atdığı 1-2 “çılğın” layihədən başqa təzə heç nə yoxdur.

- Təbliğat dönəmi başlayandan bəri Ərdoğan, Kılıçdaroğlu və Bağçalı sanki İstanbula lövbər salıblar. Buradan bir neçə günlüyə uzaqlaşıb yenidən qayıdırlar. Bunun səbəbi nədir?

- İstanbuldan 85 millət vəkili seçiləcək, ona görə də buranın önəmi çox böyükdür. Baş nazir hamıdan daha çox İstanbulda qalır, çünki İstanbulda səslərinin azalacağından narahatdır.

- 2009-cu ilin martındakı bələdiyyə seçkisində hörmətli Kamal Kılıçdaroğlu İstanbul bələdiyyə başqanlığına namizəd idi və AKP-nin namizədindən bir neçə bal az səs toplamışdı. Baş nazir buna görə narahatdır?

- İstanbulda hiss edilən gerçək var: AKP burada əriyir. Onlar xalqdan qopublar. İstanbul əhalisi seçkiyə getdikcə daha şüurlu şəkildə yanaşır. İqtidar partiyası ilə “haqq-hesab çəkmə” duyğusu getdikcə daha ön plana çıxır. AKP-nin burada önəmli dərəcədə səs itirəcəyinə inanıram.

- AKP ölkənin cənub-şərq bölgələrindən xeyli səs alır, müxalifət partiyaları isə oralarda çox da görünmür. Bunu necə qiymətləndirirsiniz?

- AKP ölkəmizin vətəndaşlarını bir-birindən ayıran siyasət yürüdür. İqtidarın siyasəti ölkədə daim gərginlik yaradır. İndi bir küçədə bir yaşayış tərzi, başqa bir küçədə isə başqa cür yaşayış tərzini görürük. İqtidarın yürütdüyü “açılım” siyasətlərinin heç biri həyata keçmədi. Bunların hamısı Türkiyənin gündəmini məşğul etməkdən başqa heç nəyə yaramadı. Əslində ölkənin ən mühüm açılımı “əmək açılımı” olmalıdır. “Erməni açılımı” ilə bağlı İsveçrədə gizli iclaslar keçirildi, protokollar imzalandı. Nəticəsi bir “heç”dən ibarətdir. Bu məsələdə hökumətin ciddi niyyəti də yox idi, məqsəd sadəcə Türkiyənin gündəmini məşğul etməkdən ibarət idi. AKP-nin iqtisadi siyasəti iflas etmiş, sosial siyasəti isə Türkiyəni yaşanmaz vəziyyətə gətirmişdir. AKP öz oliqarxiyasını, öz dərin dövlətini, öz üsul-idarə tərzini yaratmışdır.

- Son illərdə hökumət “qonşularla sıfır problem” siyasəti izlədi. Sizcə, bu siyasət uğurlu oldumu?

- AKP Orta Şərq və Şimali Afrikadakı prezidentlik üsul-idarəsini Türkiyəyə gətirmək istəyir. Halbuki o ölkələrin hamısında diktatura mövcuddur. Hörmətli baş nazir həmin ölkələrlə yaxın əlaqələr yaratmaq istəyirdi. Ancaq o, Suriyaya gedib orada mitinq keçirdi, Suriya bir-birinə qarışdı. Misirə gedib Hüsnü Mübarəkə “qardaşım” dedi, Mübarəki devirdilər. Liviyadan “Sülh və demokratiya” mükafatı aldi, oradakı vəziyyəti görürsünüz. Əslində baş nazir demokratiyanın qaydalarını qəlbinə yerləşdirə bilməyib. Təsəvvür edin ki, baş nazirimiz Ramazan bayramı namazını qılandan sonra məscidin həyətində mitinq keçirir. O biri tərəfdə isə mitinq keçirən insanlara qarşı çıxır. Təəssüf ki, hazırda Türkiyədə bu cür şeylər yaşayır. Mən bir an əvvəl parlamentdə qüvvələr tarazlığının yaranmasını istəyirəm.


DOSTLARINLA PAYLAŞ:

oyunlar