Ağac üstündə ağac davası
10 İyun 2013 Bazar Ertəsi 01:54
Kütlə botanika və siyasət arasında qaldı.
Taksim meydanına toplaşanların yaratdığı mənzərə ilk baxışda Təhrir meydanındakı görünüşü xatırladırdı. Gəzi parkında ağac kəsiminə soyqırımı həssaslığı ilə yanaşan, getdikcə sıxlaşan izdiham ağaclardan adamlara, daha doğrusu, bir adama - baş nazir Rəcəb Tayyib Ərdoğana çox tez keçdi. Botanika mahiyyətli aksiya siyasi xarakter aldı. Ərdoğanın istefasını tələb edənlər artdı. Baş nazirin “nə bilirsiniz edin, biz də bildiyimizi edəcəyik” hökmü insanları bir az da qəzəbləndirdi. Türkiyə Atatürkdən sonrakı tarixinin ən izdihamlı protest dövrünü yaşamağa başladı. Rəcəb Tayyib Ərdoğanın niyyyətinin nə olmasının artıq fərqi yox idi: Gezi parkında opera studiyası, cami, muzey nə istəyirsən tikmək istə, artıq insanlar bunu rədd edirlər… Doymuş məhlul qanunu işə düşdü. Axı niyə? Niyə Ərdoğan - İsrailə belə üzr istətməyi bacarmış bir güclü siyasət, dövlət adamı belə bir burulğana düşdü? Hanı o keçmiş reytinq? Doğrudanmı bu həmin o adam idi? Türkiyənin idarəçiliyindən hərbiyyəni yığışdırmağı bacarmış, Atatürkdən qalma tabuları laxlatmış, bütün ötən ənənələrə prinsipial korrektə etməyi bacarmış bir adam? Bu doğrudanmı odur, İsrailə üzr istətdirmiş Ərdoğan? Türkiyəyə “ərəb baharı” arzulayan qaranquşların nə qədər haqlı olduqlarını təbii ki, zaman göstərəcək. Amma artıq görünənlər var və Taksim tədricən müəyyən sifət alır. Hadisələrdə maraqlı bir məqam var. Sanki etiraz bütün hakimiyyətə deyil, əsasən Tayyib Ərdoğanadır. Məsələn, baş nazirin yardımçısı Bülənd Arıncın xalqın içinə ziyarəti, sakit və soyuqqanlı, məntiqi gedişləri göstərdi ki, baş nazirdən fərqli olaraq digər rəsmilər güzəştə meyillidirlər və onlar meydandan çəkinirlər. Elə ona görə də meydan baş nazirinTürkiyənin əsəbi vaxtlarında ölkəni tərk edərək, xaricə yollanmasını anlamadı. Xalqı saymadı dedilər, camaatın qayğılarını vecinə almadı dedilər. Baş nazirin uğradığı böyük böhranı Türkiyə jurnalistlərindən biri isə sadə bir səbəblə əlaqələndirmişdi. Xalq onunla öz arasında böyük bir xəndək görür. Türkiyə baş naziri çoxdandır xalqla görüşmür, onun ayrı-ayrı adamlarının əlini isə elə alır ki, sanki çimçəşir. Bu artıq o adam deyil. O hakimiyyətin xeyli dəyişdirdiyi, xalqdan uzaqlaşdırdığı, özündən razı birisinə çevrilmiş məmurdur. Baş nazirin ətrafında sadə camaatı insan yerinə qoymayanların olduğunu deməyə başladılar. Yəni Taksim ağacı bir bəhanə idi.

Belə bir hadisəni biz Azərbaycanda Topxanadan qaynaqlanan kütləvi qəzəb selinin Bakıda insanları necə ayağa çəkdiyindən xatırlayırıq. Taksim meydanını qızdıran hərarətin bir ucu da ölkə telekanallarına gedib çıxır. Telekanalllar baş verən hadisələrin ciddiyiliyini dərhal anlamaq iqtidarında olmadılar. Efir seli öz məcrasında axdı, heç bir kanal öz proqramına dəyişiklik etmədi. Adı Fəriha qoyulmuş İffətlərə elə gəlirdi ki, bu növbəti Yaprak dökümüdür. Serialların xumarınlda mürgüləyən televiziyalar real həyata hazır olmadılar. DHA-nın vəziyyəti düzəltmək cəhdi isə gec də olsa səmərə verdi. Birbaşa yayım insanlara Taksimə getmədən də hər şeyi görməyin mümkün olduğunu göstərdi. Qaz bombasına tuş gəlmədən, döyülmədən, həbsə atılmadan rahatca öz evində oturub hadisələrə şahidlik etməyin nəyi pisdir ki?

Hadisələr Ərdoğanın bəzi səhv hesablarını da üzə çıxardı. O mövcud reytinqi ilə kütlənin cari dirəniş gücünü düzgün hesablamamışdı. Baş nazir bəyanatlarında ehtiyatsızlıqdan doğan və sonda ciddi xətalara çevrilən ifadələrə yol verdi. Məsələn belə: “Biz Türkiyədə insanların yarısını öz evində zorla saxlayırıq!”. Bir siyasətçi üçün bəlkə də adi, amma Türkiyə boyda bir ölkənin hökumət rəhbəri üçün ciddi bir xəta. Belə çıxırdı ki, baş nazir ölkə əhalisinin yalnız evdə olan yarısına nəzarət edir. Təbii ki, rəhbər öz mövqeyini güzəştə getməməli, prinsipial nöqtələri əldən verməməlidir. Amma toplumun qəzəbi soyumamış ona vandal, çapulçu demək, onu daha da qəzəbləndirmək yəqin ki, ən doğru seçim deyildi.

Türkiyə heç vaxt sırf ruhani dövlət olmayıb, bu ölkədə insanın əqidəsi və imanı onu vətəndaş dünyəviliyindən ayırmayıb. İstanbul hicab da geyinib, ultramüasir qızların minidən bayıra çarpan qəşəng ayaqlarına şahidlik də edib. Onun parklarında gənclər dodaq-dodağa, bir az kənarda isə camilər, minarələr baş-başa verib və bu mənzərə elə Türkiyənin özünəməxsusluğu olub. Yeni türk gəngcləri arasında ibadət əhli kifayət qədərdir. Amma açıq-saçıqlıq, dünyəvi ləzzət tamarzıları daha çoxdur.Taksim ağaclarının kölgəsinə sığınan belələri etirazlarını spirtli içki içməklə bildirirdilər. “Sən bizim atamız deyilsən, mənə yaşmağı öyrətmə! Özüm bilərəm içərəm, içərəm” və sair. ..

İyun ayının 7-də isə Takksimdə maraqlı bir hadisə qeydə alındı. Aksiyaların birinci günündən bəri ilk dəfə idi ki, meydanda Cümə namazı qılanlar oldu. Bu, ola bilsin ki, dünyəvilərlə ruhanilər arasında ilk əsəb davası idi. Ruhanilər az idilər deyə o qədər də gərgin keçmədi. Amma bu iyun ayının 7-də idi. Bəs 14-də necə olacaq?

Ümumiyyətlə, Ərdoğanın tərəfdarlarının yoxsa əleyhdarlarının çox olduğu barədə sual Türkiyədə getdikcə aktuallaşır. Ona görə ki, müşahidəçilər Taksim hərəkatının əslində daha uzaq vuran niyyətə hesablandığını ehtimal edirlər. Və düşünrlər ki, Ərdoğanın irəlidə güclü prezident institutu yaratmaq və dövlət başçısı seçilmək planı son hadisələrlə artıq ciddi çat verib. Ərdoğan seçkilərə əvvəlki inamla qatıla bilməyəcək.

Bəs Ərdoğan nə qədər güclüdür? Bu sualın cavabını baş nazirin Türkiyədən xaricə yollanmasında axtaranlar var. Yəni, bu, bir növ xaricə getmək üçün yox, Türkyiyə qayıtmaq üçün edilmiş səfər idi. Ərdoğan ona görə ölkəni tərk etmişdi ki, qayıdarkən qarşılansın və bunu mümkün qədər çox adam etsin. Amma izdiham gözlənildiyi qədər möhtəşəm olmadı. Əlyehdarlar isə getdikcə çoxalır… Taksim meşəsi Sovet Azərbaycanının Topxana meşəsinin rekorduna yaxınlaşır… O zaman Azadlıq meydanında kütlə on səkkiz gün dayanmışdı.

…Bu gün ortada olan nədir? Taksim qələbə yoxsa məğlubiyyətdir? Nəzərə alaq ki, Taksim dedikdə biz yalnız İstanbulu yox, Ankara da daxil olmaqla başqa etiraz ocaqlarını da nəzərdə tuturuq. Cavab axtaraq: əgər demokrtaiyanın şəkli budursa və insanlar çadırları günlərin bir günü heç nə olmamış kimi yığışdırıb ev-eşiyinə gedəcəksə, deməli, bu, qələbədir. Yox, əgər indi al-əlvan turist çadırlarını xatırladan bu yuvalardan sonranın qaçqınları, didərginləri çıxacaqsa, Allah göstərməsin. Məğlubiyyət! Türkiyə müstəqil və güclüdür. Hətta Suriyaya hərbi müdaxilə üçün öz qapılarını açıq elan edəcək qədər müstəqil. Hətta İsraili belə üzrxahlığa vadar edə biləcək qədər güclü! Amma fəsadlara da hazır olmaq lazımdır. Çünki ortada ikibaşlı Taksim ağacları da var.




DOSTLARINLA PAYLAŞ:

oyunlar