Ağ Ev Quantanamo məhkumlarını köçürməyə yer tapıb
15 Noyabr 2009 Bazar 06:40
Məhkumların bir hissəsi İllinoys ştatında boş qalmış həbsxanaya yerləşdirilə bilər
ABŞ administrasiyası İllinoys ştatında boş qalmış həbsxanadan Quantanamo məhkumlarının bir hissəsinin yerləşdirilməsi üçün istifadə edə bilər. Bunu Ağ Evdəki mənbə bildirib. Adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, söhbət Çikaqonun 240 kilometrliyindəki Tompsonda yerləşən ciddi rejimli cəzaçəkmə müəssisəsindən gedir. Həbsxana ştatın vəsaiti hesabına 2001-ci ildə inşa edilsə də, tam istismara verilməyib. Müəssisədə 1600 kamera nəzərdə tutulub. Lakin hazırda orada ümumi rejimli həbsxanada saxlanılmaq cəzası almış cəmi 200 məhkum var.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Quantanamodakı məhkumların bir qismini Amerika ərazisindəki həbsxanalara köçürmək planını açıqlamışdı. Kubadakı həbsxananın gələn il yanvarın 22-dək bağlanması nəzərdə tutulsa da, rəsmilər bunun həmin vaxta qədər baş tutmayacağını bildirirlər.
Tompson əhalisi isə terrorçuluqda təqsirləndirilən məhkumların bu şəhərdəki həbsxanaya köçürülməsini sevinclə qarşılayır. İndiyədək Kolorado və Montana hökumətləri də belə arzusunu ifadə edib. Çünki yeni həbsxananın açılması həmin ştatlarda yeni iş yerlərinin yaranmasına imkan verəcək.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar