Ağ ev: Bəşər Əsəd ölkəyə nəzarəti itirir
19 İyul 2012 Cümə Axşamı 02:58
Ağ ev: “Müxalifətin güclənməsi və birləşməsi ondan xəbər verir ki, Bəşər Əsəd üçün həlledici dönüş anı çatıb”.
Suriya prezidenti Bəşər Əsəd ölkəyə nəzarəti itirir. Güc strukturlarının yüksək rütbəli nümayəndələrinin, o cümlədən, müdafiə nazirinin öldürülməsi də bunu sübut edir. Bunu Ağ evin nümayəndəsi Tommi Vitor deyib.
“Bəşər Əsəd rejiminin Suriyadakı vəziyyətə nəzarəti itirməsi şübhəsizdir. Qaçqınların sayının artması, müxalifətin güclənməsi və birləşməsi ondan xəbər verir ki, Bəşər Əsəd üçün həlledici dönüş anı çatıb”, - Ağ evin nümayəndəsi bildirib.
O, vəziyyəti şərh edərkən bildirib ki, beynəlxalq ictimaiyyət vətəndaş müharibəsinin genişlənməsinin və bütün Yaxın Şərqə yayılmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etməlidir. Tommi Vitorun sözlərinə görə, beynəlxalq ictimaiyyət Suriya müxalifəti ilə dialoqa başlamalıdır: “Hakimiyyətin ötürülməsi nə qədər tez baş versə, vətəndaş qarşıdurmasının böyüməsi və tələfat sayının artmasının qarşısını almaq məsələsi bir o qədər tez həll olunar. Suriyalılara demokratiyaya sabit keçid prosesini təşkil etməkdə köməklik göstərilməlidir”
DOSTLARINLA PAYLAŞ: