Dağıstan prezidenti Muxu Əliyev daxili işlər naziri Adilgəray Məhəmmədtahirovun öldürülməsində hüquq-mühafizə orqanlarının “yaramaz qulluqçuları”nın iştirakını istisna etməyib. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Məhəmmədtahirovun dünən Mahaçqalada “Mərakeş” əyləncə kompleksində keçirilən toy mərasimindən çıxarkən snayperin açdığı atəş nəticəsində öldürüldüyü güman olunur.
"Məhəmmədtahirov bu toy mərasiminə getməyi planlaşdırmırdı", - deyə ölkə prezidenti NTV telekanalına müsahibəsində bildirib.
"O həmin gün saat 02:00-da mənim kabinetimdən çıxıb, səhər saat 9-da biz onunla müşavirə keçirmişik. Daha sonra onunla telefonda danışmışıq. Hər bir insan toya gedə bilər. Lakin onu ora aldadıb aparıblar. Düşünürəm ki, bunu hüquq-mühafizə orqanlarının yaramaz işçiləri təşkil ediblər"- deyə Dağıstan prezidenti əlavə edib. /ANS PRESS/