Ac ölkənin tox prezidenti Moskvada dilənəcək
25 Oktyabr 2009 Bazar 03:10
Serj Sarkisyanın Rusiyada toplayacatğı vəsait neçə ac ermənini doyura bilər?
Yoxsul ölkənin zəngin prezidenti Rusiya paytaxtına pul toplamağa gedib. Söhbət Ermənistan prezidenti Serj Sarkisyandan gedir. O iki gün ərzində Moskvada “Hayastan” fondunun xətti ilə xeyriyyə tədbirlərində iştirak edəcək. Ermənistan KİV-nin məlumatına görə, toplanan vəsait Ermənistan və Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsindəki iqtisadi layihələrə xərclənməlidir.
Ermənistanda iqtisadi vəziyyət o qədər acınacaqlıdır ki, pul toplanılmasında şəxsən prezidentin özü iştirak etməli olub. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Dünya Ərzaq Proqramının hesablamalarına görə, bu ölkədə yoxsulların sayı daha 172 min nəfər arta və 906 min nəfərə çata bilər. Bu rəqəm rəsmi İrəvanı narahat etməyə bilməz. Ermənistanın əhalisi təxminən 3 milyon nəfərdir. Beynəlxalq təşkilatların araşdırmaları göstərir ki, bu ölkədə aclıqdan əziyyət çəkənlər əhalinin 30 faizdən çoxunu təşkil edir. Nəzərə alsaq ki, əhalinin müəyyən hissəsi artıq çoxdandır Ermənistanda yaşamır, o zaman 1 milyon nəfərə yaxın yoxsulun əhalinin ümumi sayı ilə faiz nisbəti daha da çoxalır. Az gəlirli bir çox ailələr çörək məmulatlarını ucuz kartofla əvəz ediblər. Ermənistan əhalisinin əhəmiyyətli hissəsi ət və süd məhsullarından imtina edib. Bu isə onların sağlamlığına mənfi təsir göstərir. Ermənistan hökuməti apreldə böhran əleyhinə proqramını açıqlasa da, beynəlxalq ekspertlərin fikrincə, xaricdən maliyyə dəstəyi olmasa proqramı həyata keçirmək mümkün deyil.
Görünür, Serj Sarkisyan “xaricdən maliyyə dəstəyi” anlayışını dilənçilik kimi başa düşüb və Moskvaya üz tutub. Ünvan kimi Moskvanın seçilməsi təsadüfi deyil. Ermənistanın kişi əhalisinin mütləq əksəriyyəti ailəsinə çörək pulu qazanmaq üçün Rusiyaya işləməyə gedib. Onlar istəyirlərlər ki, ailələri çörək əvəzinə çörək yesilər, kartof yox. İstəyirlər ki, evlərində ət də bişsin və ailələri ət üzünə həsrət qalmasınlar. Rəsmi İrəvanın dilənçilik üçün Moskvanı seçməsinin məqsədi də elə budur. Məqsəd Rusiyada işləyən ermənilərdən pul toplamaqdır.
Bu baxımdan, Ermənistanın Türkiyə ilə sərhədlərin açılması üçün tələsməsi də təəccüblü görünmür. Serj Sarkisyan rejimi Türkiyə sərhədinə Ermənistan cəmiyyətinin “oksigen mənbəyi” kimi baxır. Çünki sərhədlərin açılması aclıq və səfalət içərisində olan Ermənistana müəyyən mənada nəfəs verə, əhalini maddi cəhətdən bir qədər dirçəldə bilər. İrəvanla müqayisədə Ermənistanın bölgələri, o cümlədən Türkiyə ilə sərhəd bölgələrinin əhalisi yoxsulluq və aclıqdan daha çox əziyyət çəkir. Sərhədlərin açılması onlar üçün yeni gəlir yeri yarada bilər.
Amma Rusiyadakı ermənilərin də vəziyyətini qənaətbəxş hesab etmək olmaz. Asiya İnkişaf Bankının hesablamalarına görə, Rusiyadan pul köçürmələrinin məbləği 25 faiz azalıb. Bundan daha çox büdcəsi Rusiyadan asılı olan ölkələr, Cənubi Qafqazda konkret olaraq Ermənistan və Gürcüstan əziyyət çəkir. Təsadüfi deyil ki, bu il Ermənistanda ümumi daxili məhsulun (ÜDM) səviyyəsi 10 faiz aşağı düşüb. Bundan başqa, Rusiyada işləyən miqrantların sayı yarıbayarı azalıb və bunda ermənilərin də payı az deyil. Bir sözlə, Serj Sarkisyanın Moskvadakı iki günlük dilənçiliyinin Ermənistanın dirçəlməsinə yardım edəcəyi az inandırıcıdır.
Srej Sarkisyanla birgə Mosvaya gedənlər arasında Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan da var. Ermənistanda hökm sürən aclıq və səfalət qarşılığında Dağlıq Qarabağdakı vəziyyəti təsəvvür etmək o qədər də çətin deyil. Dağlıq Qarabağ Ermənistanın nəzarətindədir və öz əhalisini ac saxlayan Serj Sarkisyan rejiminin Dağlıq Qarabağ ermənilərini dolandırması qeyri-mümkün görünür. Əgər Dağlıq Qarabağda mülki əhali varsa, onların sosial vəziyyəti daha dözülməz olmalıdır. Dağlıq Qarabağ erməniləri faktiki seçim qarşısındadırlar-bir tərəfdə aclıq və səfalət içərisində Ermənistan, dicər tərəfdə isə hər gün inkişaf edən və dünya maliyyə böhranına tab gətirən Azərbaycan. Onu da nəzərə almaq lazımdır ki, rəsmi Bakı işğal aradan qalxdıqdan sonra Dağlıq Qarabağ ermənilərinə tamhüquqlu Azərbaycan vətəndaşları kimi yanaşılacağını dəfələrlə bəyan edib. Məntiq onu deyir ki, Dağlıq Qarabağ erməniləri artıq 20 il əvvəlki kimi düşünmürlər. Çünki bütün bir xalq havalana, ac qarınla fanatlıq edə bilməz. Dağlıq Qarabağ, eləcə də Ermənistan əhalisi zəncin bir rejimin əsirinə çevrilib. Amma bu əsarət uzun sürə bilməz, ermənilərin aclıq və səfalət qarşısında səbrinin tükənəcəyi günə çox qalmayıb. Serj Sarkisyanın prezident seçilməsinin küiləvi etiraz və iğtişaşlarla müşaiyət olunması da bunun bir sübutu idi. Ümid Türkiyə ilə sərhədlərin açılmasına qalıb. Əgər sərhədlər açılmasa, Serj Sarkisyan rejiminin mövqelərinə ciddi zərbə dəyəcək.

Mahir Məmmədli, ANS PRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar