ABŞ YUNESKO-nun pulunu kəsdi
01 Noyabr 2011 Çərşənbə Axşamı 11:44
Birləşmiş Ştatlar quruma ayırdığı maliyyə yardımını dayandırdı.
ABŞ YUNESKO-ya ayırdığı maliyyə yardımını dayandırdı. ANS PRESS-in Reuters-ə istinadən verdiyi məlumata görə, buna səbəb təşkilatın Fələstini quruma üzv qəbul etməsi olub.
Birləşmiş Ştatlar bundan öncə YUNESKO-ya məsələ ilə bağlı xəbərdarlıq etmişdi və Fələstinin təşkilata üzvlüyündən sonra verdiyi vədə də əməl etdi.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nuland bildirib ki, ABŞ-ın YUNESKO-nu maliyyələşdirməsi məsələsi qanunla icra olunmalıdır.
ABŞ daha öncə bəyan etmişdi ki, Fələstinin YUNESKO-ya üzv qəbul ediləcəyi təqdirdə, bu təşkilatın ABŞ tərəfindən maliyyələşdirilməsinə son qoyulacaq. Noyabr ayında ABŞ YUNESKO-ya 60 milyon dollar həcmində pul köçürməli idi, artıq bu planlar təxirə salınmış olduABŞ-ın yatırımları isə YUNESKO büdcəsinin 22 faizini təşkil edir. İsrail də analoji tədbiri görəcəyinə dair xəbərdarlıq edib.
Xatırladaq ki, ABŞ-ın bütün xəbərdarlıqlarına baxmayaraq, Fələstin ötən gün YUNESKO-ya üzv seçilib. Fələstinin YUNESKO-ya üzv qəbul edilməsini rəsmən baş konfransın sədri Katalin Bociay elan edib. Qətnaməni 107 ölkə dəstəkləyib. 14 ölkə isə bunun əleyhinə səs verib. ABŞ, Almaniya, Kanada və İsrail isə əleyhinə səs verənlər arasındadır.
Fələstinin YUNESKO-ya üzvlüyünün lehinə səs verənlər arasında Fransanın olması təəccüb doğurub. Belə ki, Fransa dəfələrlə YUNESKO-da səsvermənin yersiz olduğunu bəyan edib və Fələstinin BMT-də tanınmasına dair prosedurları məhdudlaşdırmağa çağırmışdı.
Beləliklə, YUNESKO Fələstini üzv dövlət kimi tanıyan ilk BMT agentliyi oldu.
DOSTLARINLA PAYLAŞ: