ABŞ Yəmənə 70 milyon dollar hərbi yardım edəcək
22 Yanvar 2010 Cümə 23:45
Məqsəd anti-terror əməliyyatlarına dəstək verməkdir
Anti-terror əməliyyatları bu gün ABŞ ilə Yəmən arasında müzakirə olunub. Dövlət katibi Hillari Klinton yəmənli həmkarı ilə müzakirələr zamanı ABŞ tərəfindən bu ölkəyə hər il 70 milyon dollar hərbi yardım ayırması qarşılığında anti-terror əməliyyatlarının gücləndirilməsinin vacibliyinə işarə edib.

“Yəməndə olan terrorçulara gəldikdə, mən sizi əmin edə bilərəm ki, hazırda terrorçular həbsdədir. Onların bəziləri məhkəmə qarşısında cavab verib. Əlbəttə ki, azadlıqda olan terrorçular da var, lakin onların yaxalanması ilə təhlükəsizlik orqanları məşğul olur”, - deyə Yəmənin xarici işlər naziri Əbu Bəkr əl-Qirbi söyləyib. Yəmən rəsmisi Birləşmiş Ştatlar və Yəmənin birgə əməkdaşlığının artdığı bir zamanda terrorçulara qarşı mübarizənin Amerika əsgərləri tərəfindən deyil, yəmənli hərbçilər tərəfindən həyata keçirilməsinin labüd olduğunu vurğulayıb.

Keçirilən görüş zamanı tərəflər arasında təhlükəsizlik və inkişaf sahəsində əməkdaşlığı daha da gücləndirmək haqda razılaşmalar da əldə edilib. Bu bəyanatla Yəmənin xarici işlər naziri Əbu Bəkr əl-Qirbi çıxış edib. Onun ardınca çıxış edən Klinton ABŞ rəhbərliyinin Yəmənin Ərəbistan yarımadasındakı "Əl-Qaidə" silahlıları da daxil olmaqla, ekstremistlərə qarşı mübarizəsindən razı olduğunu bildirib. Lakin dövlət katibi Obama administrasiyasının iqtisadi və siyasi islahatlar keçirmək üçün Yəmən hökumətindən daha effektiv addımlar gözlədiyini bildirib.

Qeyd edək ki, Birləşmiş Ştatlar hökuməti Yəmənə 121 milyon dollar dəyərində maliyyə yardımı ayırıb. Bununla yanaşı Amerika hökuməti bu ildən başlayaraq Yəmənə hər il 70 milyon dollar həcmində hərbi yardımların ayrılmasına qərar verib. Lakin Hillari Klintonun sözlərinə görə, Yəmənə ayrılan pullar idarəetmə sisteminin inkişafına, iqtisadiyyatdakı islahatlara, insan hüquqlarının qorunmasına və korrupsiya ilə mübarizə sahələrinə yönəldiyi təqdirdə, effektiv ola biləcək. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar