ABŞ və Rusiya Suriya məsələsində razılığa gəldi
14 Sentyabr 2013 Şənbə 16:39
Kerri və Lavrov Cenevrə danışıqlarının 3-cü gününün nəticələrinə dair açıqlama veriblər.
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Serqey Lavrov Cenevrədə Suriyaya dair danışıqların 3-cü gününü başa vurublar. Danışıqlardan sonra mətbuat konfransı ilə çıxış edən Kerri və Lavrov Suriyanın nəzarət altına alınacaq kimyəvi silahlarının sayına və onlara tətbiq ediləcək tədbirlərə dair razılığa gəldiklərini açıqlayıblar. Con Kerri bildirib ki, Suriyaya güc tətbiqinə dair qərar həm BMT-nin Təhlükəsizlik Şurası, həm də ABŞ prezidenti Barak Obama tərəfindən qəbul edilə bilər.

"Bizim Konstitusiyamıza əsasən, ölkənin baş komandanı - ABŞ prezidenti - həmişə ölkənin milli təhlükəsizliyinin maraqları çərçivəsində müvafiq qərar qəbul etmək hüququnu özündə saxlayır. Baş komandan qismində güc tətbiqin dair qərar vermək hüququ da onu məxsusdur. Amma prezidentimiz həmçinin qeyd edib ki, bu vəziyyətdən diplomatik çıxış yolu da tapmaq istəyərdi" - deyə, Con Kerri bildirib.

Con Kerri həmçinin BMT-nin kimyəvi silahlar üzrə ekspertlərinin Suriyadakı işini noyabra qədər tamamlamalı olduğunu deyib. Dövlət katibi Bəşər Əsədin kimyəvi silahları ölkədən çıxarmağa müvəffəq olacağını da istisna etməyib.

Rusiyanın xarici işlər naziri Serqey Lavrovun sözlərinə görə, Cenevrə danışıqlarının 3-cü günündə ABŞ-la belə bir razılıq əldə olunub ki, Suriyadakı beynəlxalq müfəttişlərin təhlükəsizliyinə görə görə bütün tərəflər, o cümlədən Suriya rəhbərliyi məsuliyyət daşıyacaq.

"Bizim təkliflərimizdə qeyd edilib ki, təhlükəsizliyə görə əsas məsuliyyəti Suriya rəhbərliyi daşıyacaq, amma təkcə onlar yox, Suriya münaqişəsinin digər tərəfləri də, yəni müxalifət də beynəlxalq heyət üçün təhlükənin yaradılmaması üçün cavabdeh olmalıdır. Və sözsüz ki, beynəlxalq heyətə də müvafiq səlahiyyətlər veriləcək. Bütün bunların üzərində hələ ətraflı işləmək lazımdır", - Serqey Lavrov belə deyib.

Suriyada kimyəvi silahların zərərsizləşdirilməsi məsələsinin maliyyələşdirilməsinə gəldikdə isə, Lavrov və Kerrinin fikrincə, bu məsələ BMT-də həll edilməlidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar