ABŞ və NATO Türkiyə ərazisində radar sistemi quracaq
02 Sentyabr 2011 Cümə 11:30
Türkiyə XİN: Yeni müdafiə sistemində Türkiyənin oynayacağı rolla əlaqədar bir müddətdir aparılan texniki çalışmalar son mərhələyə çatıb


Bakı - APA. ABŞ və NATO tərəfindən yaradılmaqda olan raket hücumundan müdafiə sistemi çərçivəsində Türkiyə ərazisində erkən xəbərdarlıq radarı yerləşdiriləcək. APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Səlcuq Ünal deyib.

S. Ünal NATO-nun bütün müttəfiq ölkələrlə apardığı məsləhətləşmələr nəticəsində Lissabon sammitində yeni strateji konsepsiya qəbul etdiyini xatırladıb: “Yeni konsepsiya ittifaqın XXI əsrin təhlükəsizlik çağırışlarına cavab verə bilməsi və müdafiə qabiliyyətinin artırılması üçün atılacaq addımları ehtiva edir. Bu çərçivədə Lissabon sammitində NATO-nun müdafiə qüdrətinin gücləndirilməsi məqsədilə ballistik raket təhdidinə qarşı müdafiə sistemi qurulmasına qərar verilib. Ölkəmiz də bu qərara dəstək verib”.

S. Ünal bildirib ki, hökumətin təlimatı ilə müttəfiq ölkə ərazilərinin və xalqlarının qorunmasına yönəlmiş yeni müdafiə sistemində Türkiyənin oynayacağı rolla əlaqədar bir müddətdir aparılan texniki çalışmalar son mərhələyə çatıb: “Bununla bağlı müdafiə sisteminin bir elementi olan və ABŞ tərəfindən NATO-ya verilmiş erkən xəbərdarlıq radarının ölkəmizdə qurulması nəzərdə tutulub”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar