ABŞ ve Britaniya Suriya ile bağlı açıqlama verdi
13 İyun 2013 Cümə Axşamı 09:45
Con Kerri və Uilyam Heyq Cenevrə konfransının prioritetinin dəyişmədiyini bildiriblər.
Suriyada zorakılıqdan heç kim heç nə əldə etməyəcək. Bunu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri Vaşinqtonda Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyqlə birgə mətbuat konfransında deyib.

"Suriyada baş verənlərdə heç kim qalib gəlmir. Xalq uduzur, bir ölkə kimi Suriya uduzur. Bu məsələdə irəli sürdüyümüz təşəbbüs zorakılığa son qoyan, Suriyanı xilas edən, əhalinin qırılmasını və ölkənin dağıdılmasını dayandıran siyasi həll yoludur. Rusiyanın razılaşdığı siyasi həll yolu keçid hökumətini nəzərdə tutur. 1-ci Cenevrə razılaşmasının icrası 2-ci Cenevrə konfransının əsas məqsədidir. Bu məqsəd də bütün Suriya xalqını bir vahid kimi təmsil edən, xalqın öz gələcək liderini seçəcəyi bir başlanğıca imkan yaradan bütöv icraçı qurumdur." - deyə, Con Kerri bildirib.

Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq də indiyədək 80 mindən çox insanın ölümünə səbəb olan Suriya münaqişəsinin dayandırılmasının Cenevrə konfransının prioriteti olduğunu deyib. "Suriyada rejim aqressiyasının miqyası və bunun insanlara verdiyi əziyyət ümidverici vəziyyət deyil. Kütləvi qətllər və tiranlıq 800 gündən çoxdur davam edir və indi bütün region təhlükə altındadır. Bu, bizim öz milli təhlükəsizliyimizə də təhdiddir, çünki bura radikallığın artması, "Hizbullah"ın və İranın qoşulması, kimyəvi silahlardan istifadə kimi təhlükələr aiddir. Cenevrədə münaqişəyə danışıqlar yolu ilə son qoyulması istiqamətində diplomatik proses başlatmaq prioritet olaraq qalır. Biz Əsəd rejiminə təzyiq göstərə bilərik ki, danışıqlara daha ciddi yanaşsın və terrorizm və ekstremizmin yayılmasının qarşısı alınsın." - sitatın sonu.

Qeyd edək ki, Suriyaya dair 2-ci Cenevrə konfransın iyunun ortalarında keçirilməsi planlaşdırılsa da, sonradan konfrans təxirə salınıb. Bu yaxınlarda Rusiyanın xarici işlər naziri Serqey Lavrov konfransın iyulda keçiriləcəyini istisna etməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar