ABŞ üçün son iki gün
30 İyul 2011 Şənbə 21:27
Əgər demokratlarla respublikaçılar razılığa gələ bilməsələr, ölkədə gözlənilən texniki müflisləşmə baş verəcək.
Amerika Birləşmiş Ştatları üçün vaxt daralır. Əgər demokratlarla respublikaçılar bu iki gündə razılığa gələ bilməsələr, onda gözlənilən texniki müflisləşmə baş verəcək. Hələki, ABŞ rəsmilərinin müflisləşmədən xilas olmaq üçün müxtəlif planlar ortaya atır. Amma ölkə prezidentinin də bu planlara ümidi qalmayıb.

ABŞ prezidenti Barak Obama respublikaçıların Nümayəndələr Palatasının qəbul etdiyi planın ölkəni hazırkı böhrandan xilas edə bilməcəyini və bir neçə aydan sonra təkrar bu vəziyyətlə üzləşiləcəyini söyləyib. B. Obama konqres nümayəndələrinin yaxın bir neçə gün ərzində razılığa gəlmələrinin çox zəruri olduğunu vurğulayıb

O deyib ki, gələn həftənin ikinci gününədək bir razılaşma əldə olunmalıdır: “Əgər razılığa gələ bilməsək, dünya bazarında kredit reytinqimiz təhlükə altında qalacaq. Dövlət borcu həddinin tez bir zamanda qaldırılması lazımdır, əks təqdirdə, kredit reytinqimizin aşağı düşməsi hamıya təsir göstərəcək. İstər demokrat olaraq, istərsə də respublikaçı, illərdir belə qərarlar veririk və bu problemin də öhdəsindən gələcəyimizi düşünürəm”.

Respublikaçılar bəyan edir ki, dövlət xərcləri əhəmiyyətli dərəcədə azaldılmasa, dövlət borcunun həddinin artırılması məsuliyytsiz addım olacaq.

Qeyd edək ki, ötən gün respublikaçilar büdcə kəsrinin azaldılması və dövlət borcu tavanının qaldırılması haqqında planı 8 səs fərqi ilə Nümayəndələr Palatasında qəbul ediblər. ABŞ senatı öz növbəsində respublikaçıların bu qanun layihəsini qəbul etməyib. Senatda demokratik çoxluğun lideri Hari Ridin hazırladığı “Dövlət borc tavanının qaldırılması barədə” qanun layihəsi iki gündən sonra müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş planda dövlət xərclərinin 10 il ərzində 917 milyard dollara qədər azaldılması və dövlət borc tavanının isə 900 milyard dollara qədər artırılması nəzərdə tutulur.

Ekspertlər isə konqresdə razılığın əldə edilməməsinin əsas səbəbini siyasi fikir ayrılığı ilə izah edirlər. Eyni zamanda böhranın ABŞ-da 2013-cü ildə keçiriləcək prezident seçkilərində təsiri istisna edilmir.

Xatırladaq ki, avqustun 2-dək konqres üzvləri kompromisə gəlməsələr, ABŞ müflisləşdiyini elan edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar