ABŞ Türkiyəni sanksiyalarla hədələdi
07 Noyabr 2009 Şənbə 05:30
Ağ Ev administrasiyası Türkiyə və İran arasındakı razılaşmalardan narazı qalıb
ABŞ administarsiyası Türkiyə və İran arasında təbii qaz hasilatı və satışı barədə razılaşmadan narazılığını ifadə edib. Dövlət katibinin Avropa və Avrasiya mələləri üzrə köməkçisi Filip Qordon bildirib ki, indi nəinki ABŞ, eləcə də digər ölkələr üçün İranla normal biznes qurmağın vaxtı deyil. O xatırladıb ki, ABŞ hazırda İranla iqtisadi və kommersiya əlaqələri saxlamır: “Bizdə İranın energetika sektoruna əhəmiyyətli sərmayə qoyan ölkələrə qarşı sanksiyaların tətbiqini tələb edən qanun var. Bu cəhətdən heç bir dəyişiklik baş verməyib”.
Xatırladaq ki, baş nazir Rəcəb Tayyip Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 2-də İrana səfər edib və qaz sahəsində bir sıra sazişlər imzalanıb. Əldə edilən razılaşmalar arasında İran qazının Türkiyə vasitəsilə Avropaya nəqli də var. İran və Türkiyə bu məqsədlə “mavi yanacağın” nəqli ilə məşğul olacaq birgə müəssisə yaratmaq niyyətindədir. Ekspertlərin fikrincə, iki ölkə arasında əldə edilmiş razılaşmalar “Nabucco” layihəsi üçün əsas problemi-ehtiyat bazası təminatını həll etmiş olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: