ABŞ Rusiyanı tərkisilah edir
18 Sentyabr 2009 Cümə 18:40
Qabil Hüseynli hesab edir ki, Ağ evin siyasəti məhz buna yönəlib
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ-ın Avropada strateji raket əleyhinə qurğularının yaradılması planlarına yenidən baxılması məsələsinə adekvat addımlar atmaq niyyətindədir. Belə ki, Rusiya bu addıma cavab olaraq Kalininqrad vilayətində «İsgəndər» tipli raketlərin yerləşdirilməsindən imtina edə bilər. Bu barədə «RİA-Novosti» agentliyinə Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndələri məlumat verib.
ANS PRESS-in bu agentliyə istinadən yaydığı məlumata görə, bu günlərdə ABŞ prezidenti Barak Obama Rusiyanın da əleyhinə çıxdığı Avropada raket əleyhinə sistemin quraşdırılması məsələsinə yenidən baxılmasını gündəmə gətirib. Bir müddət əvvəl isə Rusiya prezidenti Dmitri Medvedev qeyd edib ki, «İskəndər» taktiki-operativ raket kompleksinin Kalininqrad vilayətində yerləşdirilməsi Amerika raket əleyhinə avadanlığının Rusiya sərhədlərində yaxın yerdə quraşdırılmasına cavab addımı kimi qiymətləndirilməlidir.
Politoloq Qabil Hüseynli ANS PRESS-ə bildirib ki, iki dövlətin bir-birinə güzəştə getməsi heç də yaxınlaşma demək deyil. Onun sözlərinə görə, ABŞ bu jesti Rusiyanın sürətlə silahlanmasının qarşısını almaq üçün atıb: «Bu addım Rusiyanın qarşısını almaq məqsədi ilə atılıb. Bununla ABŞ dünya təhlükəsizliyini təmin etməyə çalışacaq. ABŞ-ın Avropada raket əleyhinə qurğunun quraşdırılmasından imtina etməsinə cavab olaraq Rusiya ölkənin qərbində «İsgəndər» tipli raket kompleksinin yerləşdirilməməsi qərarı verə bilər», - deyə o vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: