ABŞ prezidentliyinə namizəd Mit Romni növbəti qələbəsini qazandı
06 Fevral 2012 Bazar Ertəsi 01:31
Respublikaçıların namizədini müəyyənləşdirən növbəti səsvermə Nevada ştatında keçirilib.
Amerika Birləşmiş Ştatlarında noyabr ayına planlaşdırılan prezident seçkilərindən əvvəl keçirilən "praymeriz" adlı səsvermələr davam edir. Respublikaçılar partiyası öz namizədini müəyyənləşdirmək üçün bu dəfə Nevada ştatında ilkin səsvermə keçirib. Bu ştatda da Massaçusets ştatının keçmiş qubernatoru Mit Romni qələbə çalıb. Romni səslərin 48 faizini toplayıb. Bu rəqəm Mit Romninin əsas rəqibi, ABŞ Konqresinin nümayəndələr palatasının keçmiş spikeri Nyut Qinqriçin topladığı səsdən 2 dəfə çoxdur.
Nyut Qinqriç bundan əvvəl Cənubi Karolina, Mit Romni isə Nyu-Hempşir və Florida ştatlarında səs çoxluğu ilə qalib olmuşdu.
Qeyd edək ki, artıq 5 ştatda ilkin səsvermə baş tutub. Növbədə isə Minnesota, Kolorado və Missuri ştatlarıdır. Praymerizlər yekunlaşdıqda ABŞ-da növbəti prezident seçkilərində respublikaçıların namizədi müəyyənləşəcək. Həmin şəxs demokratların əsas namizədi Barak Obama ilə mübarizə aparacaq.
DOSTLARINLA PAYLAŞ: