ABŞ Pakistanın dini mektebine sanksiya tetbiq edir
22 Avqust 2013 Cümə Axşamı 08:11
Buna sebeb ise, dövlet departmentinin iddialarına göre, sözügeden mektebde silahlı destelere telimler keçilmesi olub.
Amerika hökuməti Pakistanın Peşəvər şəhərində yerli dini məktəblərdən birinə qarşı sanksiya tədbiq edib. Buna səbəb isə, dövlət departmentinin iddialarına görə, sözügedən məktəbdə silahlı dəstələrə təlimlər keçilməsi olub. Amerika hökuməti əl-Qaidə terror təşkilatının bu məktəbə maliyyə dəstəyi göstərdiyini bildirib. Sanskiya qərarına əsasən, məktəbin ABŞ-a aid olan aktivləri dondurulub və Amerika vətəndaşlarının bu məktəblə biznes əlaqələri qurması qadağan olunub.
Dövlət departmenti məktəbin əl-Qaidə tərəfdarı olan Şeyx Əminullah tərəfindən idarə olunduğunu bildirib. Məlumata görə, həmin şəxs 2009-cu ildə əl-Qaidə və Taliban dəstələrini maddi vəsaitlə təmin etdiyi üçün rəsmi Vaşinqton tərəfindən sanksiyaya məruz qalıb. «Bu məktəb terrorizmə xidmət edir. Məktəb rəhbərliyi dini pərdə altında azyaşlılara terror törətmək təlimləri öyrədirlər» - deyə dövlət departamentinin məruzəsində qeyd olunub. Məktəb rəhbərliyi isə, Amerikanın bu qərarını əsassız hesab edib.
«Bizə qarşı hansı sanksiyanın tədbiq olunduğunu bilmirik. Onlar əgər bizi Quran oxumaq və dua etməkdən yayındırmaq istəyirlərsə, biz buna hazır deyilik. İnsanlar bura dua etmək üçün gəlir. Amerikanın iddiaları faktlar əsasında olmalıdır. Rəsmi Vaşinqtonun heç bir əsassız bu cür addım atması isə təəccüb doğurur» - deyə Şeyx etirazlarını bildirib.
DOSTLARINLA PAYLAŞ: