ABŞ Pakistanda iri miqyaslı hərbi əməliyyatlara hazırlaşır?
30 May 2010 Bazar 11:15
Amerika bu addımı ərazisində terror aktı törədilərsə atacaq.
Pakistan polisi ötən gün 93 nəfərin ölməsi ilə nəticələnən terror aktlarında “Taliban” silahlılarını günahlandırıb və bildirib ki, bu hücumda iştirak edən silahlılar Əfqanısatanla sərhəd bölgədə təlimlər keçib.

Qeyd edək ki, ötən gün iki silahlı qrup Əhmədi icmasına məxsus 2 məscidə hücum edərək cümə namazında iştirak edən insanlara atəş açıb. Silahlılardan ikisi sağ ələ keçirilib. Lahordakı polis rəsmisi Əkrəm Nəimin sözlərinə görə, ələ keçirilmiş silahlıların dindirilməsi zamanı məlum olub ki, silahlı qruplaşma Pakistan talibləri ilə əlaqədədir.

Nəim bildirib ki, onlar Şimali Vəziristan bölgəsində təlim keçiblər. Polis rəsmisi vurğulayıb ki, tutulanlardan biri 17 yaşlı silahlı Miranşahda terrorçuluq təlimlərində iştirak edib.

Xatırladaq ki, Şimali Vəziristan Əfqanıstanla sərhəd bölgəsində NATO qüvvələri ilə birlikdə mübarizə aparan silahlı qruplaşmaların əsas dayaq məntəqəsidir. Bu ərəfədə Pakistandakı Əhmədi icmasının liderləri hökümətdən daha güclü mühafizə istəyib. İcmanın Birləşmiş Ştatlardakı sözcüsü Vəsim Səyid bunu icmanın 121 illik tarixində ən pis hücum adlandırıb.

Rəsmi Vaşinqton isə Pakistanda son günlər baş verən terro aktları ilə bağlı bəyanat yayıb: “Əgər Pakistanın silahlı qruplaşmaları Amerika ərazisində terror aktı həyata keçirməyə müvəffəq olarlarsa Birləşmiş Ştatlar bu ölkədə iri miqyaslı hərbi əməliyyatlar aparmağa hazırdır”.

“Vaşinqton Post” qəzetinin yaydığı məlumata görə, pakistanlı silahlı Tayms-Skverdə avtomobil partlatmağa cəhd etdikdən sonra Pentaqon rəsmiləri bu plan barəsində ciddi fikirləşməyə başlayıblar.

Hərbçilər isə hesab edirlər ki, silahlılara qarşı qırıcılarla və bombardmançılarla hücuma keçmək və Pakistan dağlarına dəniz piyadalarını göndərmək lazımdır. Birləşmiş Ştatlar ordusunun generalları isə təkid edirlər ki, hərbi əməliyyatlara yalnız böyük bir terror aktının törədiləcəyi halda başlamaq olar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar