ABŞ müttəfiqlərini xəbərdar etdi
27 Noyabr 2010 Şənbə 11:55
Xəbərdarlıq “WikiLeaks” saytında dərc olunacaq məxfi sənədlərlə bağlıdır
ABŞ hökuməti bir çox müttəfiqlərini “WikiLeaks” saytında Vaşinqtonun diplomatik fəaliyyəti ilə bağlı milyonlarla məxfi sənədlərin dərc ediləcəyi ilə bağlı xəbərdar edib. Bu məlumatı “France-Press” agentliyi yayıb.

“WikiLeaks”da dərc olunacaq materialların bu ilin yayında saytda ABŞ-ın Əfqanıstanda həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı yerləşdirilmiş 77 min səhifəlik informasiyadan 7 dəfə çox olacağı bildirilir. Məxfi sənədlərdə ABŞ Dövlət Departamentinin xarici ölkələrdə səfirlikləri ilə yazışmaları da yer alacaq. Dövlət Departamentinin rəsmi nümayəndəsi Filipp Krouli bu materialların ictimaiyyətə təqdim olunmasının amerikalı diplomatlarının dünyanın müxtəlif nöqtələrində olan tərəfdaşları ilə münasibətlərə xələl gətirə biləcəyi ilə bağlı xəbərdar edib.

“Twitter” Sosial Şəbəkəsində “WikiLeaks”ın mikbloqunda məxfi materialların sızması ilə bağlı Böyük Britaniya, Türkiyə, Norveç, İsrail, Danimarka, Kanada, Avstraliya və İslandiya hökumət nümayəndələri ilə müzakirə edildiyi yazılıb. Bəzi məlumatlara görə isə ABŞ Dövlət Departamenti rus diplomatlarını sızacaq materialların doğuracağı fəsad barədə xəbərdar edib.

“WikiLeaks”ın mikbloqunda bu haqda məlumat “Moskva mətbuatı”na istinadın yerləşdirilib. Ancaq konkret olaraq bununla hansı nəşrin nəzərdə tutulduğu aydın deyilməyib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İnterfax” agentliyinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinə diplomatik yazışmanın dərc ediləcəyi ilə bağlı ABŞ Dövlət Departamentindən hər hansı rəsmi məlumatın daxil olmadığını bildirib.

“Əgər ABŞ-da məxfi materialları oğurlayırlarsa bizdə bu baş vermir. Ən azı bu miqyasda baş vermir”, - deyə Sergey Lavrov bildirib. Nazir ABŞ Dövlət Departamentinin rusiyalı həmkarlarını KİV vasitəsilə xəbərdar etməsi ilə bağlı suala cavab olaraq bildirib ki, bu məlumatı hələ oxumayıb. Rusiya XİN rəhbəri baş vermiş hadisənin şişirdilməsindən heyrətləndiyini bildirərək belə reaksiya göstərib: “Hansısa balaca oğrular internetdə qaçışırlar”.

Xatırladaq ki, bəzi KİV orqanları “WikiLeaks” saytında dərc olunacaq məxfi materialların ABŞ-ın Kürd fəhlə partiyasına, türklərin isə “Əl-Qaidə”yə yardım etdiyinin sübutu olacağını iddia edir.

Qeyd edək ki, “WikiLeaks”saytı amerikalı hərbçilərin İraq və Əfqanıstanda həyata keçirdikləri əməliyyatlarla bağlı yüz minlərlə məxfi materialları yaydıqdan sonra məşhurlaşıb. Bu informasiyanın hərbi analitik Bredli Menninq tərəfindən ələ keçirildiyi ehtimal edilir. KİV orqanları 22 yaşlı hərbi analitikin Vaşinqton və ABŞ səfirlikləri arasında ”tam məxfi” şifrəsi altında həyata keçirilən yazışmalara yol tapdığı deyilir. Bredli Menninq artıq həbs edilib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar