ABŞ İranla işləyən üç xarici enerji şirkətinə qarşı sanksiya tətbiq etdi
13 Yanvar 2012 Cümə 03:17
Birləşmiş Ştatların nəzarət orqanları həmin şirkətlərin Tehranla əməkdaşlığını üzə çıxarıb.
Rəsmi Vaşinqton İranla əməkdaşlıq edən üç xarici enerji şirkətinə qarşı sanksiya tətbiq edib. ANS PRESS-in “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, sanksiyalarla üzləşənləçr İrana neft məhsullarının iri tədarükçüsü “Zhuhai Zhenrong Corp” (Çin), eləcə də, Birləşmiş Ərəb Əmirliklərində yerləşən “FAL Oil Company Ltd” və Sinqapurun “Kuo Oil Pte Ltd” şirkətləridir.

“Tətbiq edilən sanksiyalara əsasən, bu şirkətlər Amerika ixrac lisenziyasından, ABŞ-ın ixrac-idxal bankından maliyyələşmədən və Amerika maliyyə təşkilatlarının 10 milyon dollardan yuxarı kreditlərindən istifadə hüququndan məhrum ediliblər”, - ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

ABŞ-ın nəzarət orqanlarının əldə etdiyi məlumata görə, “Zhuhai Zhenrong” şirkəti 2010-cu ilin iyulundan 2011-ci ilin yanvarınadək İrana 500 milyon dollarlıq benzin tədarükü ilə bağlı sövdələşmədə vasitəçi rolunda çıxış edib. “Kuo Oil Pte” şirkəti isə 2010-2011-ci illərdə İrana 25 milyon dollarlıq neft məhsulları ixrac edib. “FAL Oil Company” Tehranla analoji sövdələşmələr əsasında 20 milyon dollardan artıq gəlir əldə edib.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama bu il yanvarın 1-də İrana qarşı yeni sərt sanksiyaları nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Yeni qanunvericiyə görə, ABŞ İranın Mərkəzi Bankı ilə əməkdaşlıq edən maliyyə institutları və şirkətlərlə əməkdaşlığı dayandırır. Qanun Tehranın neft ticarətindən əldə etdiyi gəlirləri azaltmağa yönəlib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar