ABŞ İranı müharibə ilə hədələdi
26 Sentyabr 2009 Şənbə 19:35
Lakin hələ ki, diplomatik danışıqlara üstünlük verdiyini bəyan edib
Birləşmiş Ştatlar prezidenti Barak Obama nüvə İranına qarşı hərbi yolun seçilə biləcəyini istisna etməyib və hələ ki, diplomatik danışıqlara üstünlük verdiyini bəyan edib.
ABŞ-ın müdafiə naziri Robert Qeyts isə bildirib ki, hərbi zərbə İranın nüvə silahlanmasını dayandırmayacaq və yalnız onun yaranmasını bir neçə ilə gecikdirəcək.
Bu arada dünya liderləri G20-nin Pitsburqda keçirilən sammiti çərçivəsində təşkil olunan birgə mətbuat konfransında İranı yeni qadağalar ilə hədələyiblər.
Bütün bunları qulaq ardına vuran İran isə yeni bəyanatla çıxış edib. Belə ki, rəsmi Tehranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş katibi Məhəmməd əl-Baradeiyə ünvanladığı məktubda ölkənin uranın zənginləşdirilməsi üzrə ikinci zavodu istifadəyə verdiyi bildirilir.
Barak Obama, Böyük Britaniyanın baş naziri Qordon Braun və Fransa prezidenti Nikolya Sarkozi öz bəyanatlarında İran ərazisində uranın zərginləşdirilməsi üzrə ikinci zavodun istifadəyə verilməsini pisləyiblər və İslam Respublikasını nüvə proqramının yerinə yetirilməsilə bağlı bütün planları barədə məlumat verməyi tələb ediblər. Onlar İranı həmçinin BMT müfəttişlərini yeni zavoda buraxmağa çağırıblar.
Onların çağırışlarına səs vermək qərarına gələn İslam Respublikası isə bu gün MAQATE müfəttişlərini inşa olunan ikinci zavoda dəvət edib. Bəyanatı İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi səsləndirib.
“Təftiş müəyyən olunan qaydalar çərçivəsində həyata keçiriləcək. Biz bu problemi MAQATE ilə müzakirə edəcəyik və yoxlama tarixi təşkilatla müvafiq razılaşma əldə olunduqdan sonra elan ediləcək”, - deyə o bildirib.
Əkbər Salehi eyni zamanda yeni zavodun Tehranla Qumm arasında yerləşdiyi barədə də məlumat verib.
Qeyd edək ki, hazırda İslam Respublikasının Natanz şəhərində uranın znginləşdirilməsi üzrə nüvə mərkəzi fəaliyyət göstərir. Son nəsil sentrifuqları məhz bu zavodda istifadəyə verilib.ANSPRESS
DOSTLARINLA PAYLAŞ: