ABŞ-ın qulağı səsdədir...
12 Avqust 2010 Cümə Axşamı 12:10
Xüsusi elçi Corc Mitçel isə hələ ki, Ağ evə müjdə verə bilmir.
ABŞ Yaxın Şərqdən növbəti dəfə sürpriz gözləyir. Amma regiona gələn amerikalı elçi hələ ki, İsrail və Fələstin arasında birbaşa danışıqların alınması barədə Ağ evə müjdə verə bilmir.

Birləşmiş Ştatların Yaxın Şərq üzrə elçisi Corc Mitçel Fələstin və İsrail arasında birbaşa danışıqların keçirilməsinə nail olmaq məqsədi ilə Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu ilə bir araya gəlib. Görüşdən əvvəl jurnalistlərə açıqlama verən İsrailin baş naziri deyib ki, amerikalı diplomatla görüşərək İsrail tərəfinin Fələstin müxtariyyəti ilə birbaşa danışıqlara getməyə hazır olduğunu bildirəcək: “Mən artıq il yarımdır deyirəm, gəlin danışıqlara başlayaq. Gəlin bütün ilkin şərtləri və digər şərtləri aradan qaldıraq, bir başa danışıqlara gedək. Bu, mənim təklifimdir”.

Corc Mitçel də İsraillə Fələstin arasında danışıqların başlanması cəhdlərini davam etdirəcəklərini deyib.
“Bildiyiniz kimi biz bu məsələ ilə bağlı sizin cəhdlərinizi bölüşürük. Biz sizinlə və Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasla bölgədə hərtərəfli sülhün əldə olunmasi üçün işlərin görülməsini davam etdirəcəyik. Mən bugünkü müzakirələrimizi münaqişənin həlli üçün irəliyə atılmış addım kimi görürəm”.

Daha sonra amerikalı diplomat İsrailin müdafiə naziri Ehud Barakla görüşüb. Qeyd edək ki, bundan əvvəl Corc Mitçel Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasla görüşüb. 3 saata yaxın davam edən müzakirələrdə Fələstin tərəfi İsraillə danışıqlara başlamaq üçün əvvəl irəli sürdükləri şərtlərin qüvvədə qaldığını və bunların yerinə yetirilməsinin vacibliyini bildirib. Əks halda danışıqlar masasına oturmayacaqlarını bəyan edib.
Bu ərəfədə müqəddəs Ramazan ayı ilə bağlı Fələstin Muxtariyyətində HƏMAS 100 nəfər məhbusu həbsxanalardan azad edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar