ABŞ erməniləri Türkiyədən 1 qəpik də təzminat ala bilməyəcək
13 Avqust 2010 Cümə 05:15
Kamal Çiçək ABŞ arxivlərindən əldə etdiyi sənədlərlə bu ölkədə yaşayan ermənilərin Türkiyədən təzmina almasının mümkün olmadığını sübuta yetirib.
Amerikanın Los Angels şəhərində yaşayan iki erməninin Türkiyə dövləti, “Mərkəz” bankı və “Ziraət” bankı əleyhinə təzminat tələbi ilə qaldırdığı məhkəmə iddiası etirazla qarşılanıb. Türk tarix qurumu erməni araşdırmaları şöbəsinin sədri professor Kamal Çiçək Amerika arxivlərindən əldə etdiyi sənədlərlə ABŞ-da yaşayan ermənilərin Türkiyədən təzmina almasının mümkün olmadığını sübuta yetirib. Bu məsələ ilə əlaqədar 4 il əvvəl araşdırmalara başladıqlarını bildirən Çiçək artıq 2 il əvvəl bunun mümkün olmadığını ABŞ arxiv sənədləri ilə sübut etdiklərini deyib.

Qeyd edək ki, Lozan görüşlərində müçahidəçi kimi iştirak edən rəsmi Vaşinqton ABŞ-a köçən erməni və yunanların, habelə Osmanlı torpaqlarında qalan Amerika şirkətlərinin mallarının qarşılığında təzminat tələb etmişdi. Bu tələb 1923-cü il dekabrın 24-də M. K. Atatürk tərəfindən qəbul edilmiş və hər iki ölkədə qarşılıqlı təzminat komissiyası yaradılmışdı. Bir müddət sonra isə komissiya üzvləri onlara müraciət edən tələblərin heç bir dəlilə istinad etmədiyini bildirmişdi.

ABŞ arxiv sənədlərinə görə komissiyanın fəaliyyəti 1934-cü ilə qədər davam etmiş, erməni, yunan və ABŞ şirkətləri ümumi 55 milyon dollarlıq təzminat tələbi ilə komissiyaya müraciət etmişdi. Tələblər heç bir sənədlə dəstəklənmədiyi üçün bu məbləğ 5 milyon dollara qədər düşmüşdü. Sövdələşmələr nəticəsində Türkiyə 1934-cü il sentyabrın 22-də 1 milyon 300 min dollar ödəməyi qəbul etsə də 8 il ərzində sadəcə 900 min dollar ödəndi. Bu mərhələdən sonra komissiyanın ABŞ heyəti Türkiyəyə məktub yazaraq pulun qalanını tələb etmədiklərini, çünki pulu alacaq heç kimin qalmadığına qane olduqlarını bildirmişdilər.

Xatırladaq ki, hal-hazırda, keçmişdə ermənilərin yaşadığı ərazilərdə yaşayan Türkiyə vətəndaşları ermənilərin iddialarından sonra malarının və torpaqlarının müsadirə ediləcəyini hesab edərək təşvişə düşmüşdülər. Professor Kamal Çiçək isə həm dövlətə, həm də vətəndaşlara narahat olmamağı məsləhət görüb. Təzminat məsələsinin 75 il əvvəl bitdiyini deyən Çiçək ABŞ ermənilərinin Türkiyədən təzminat ala bilməyəcəyini deyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar