ABŞ-da varlıların vergiləri artırıla bilər
16 Avqust 2011 Çərşənbə Axşamı 05:20
Uorren Baffetin bu barədə təklifini Barak Obama da dəstəkləyib
ABŞ-ın ən varlı adamlarından biri Uorren Baffet ABŞ Konqresinə məsləhət görüb ki, hökumət supervarlıların vergilərini artırsın. U.Baffetin sözlərinə görə, 2010-cu il ərzində o, 6,9 milyon dollar gəlir vergisi ödəyib: “Belə görünə bilər ki, bu çoxdur. Ancaq mən gəlirimin yalnız 17,4 faizini vermişəm. Milyardçı eyni zamanda hakimiyyət orqanlarına xatırladır ki, fəaliyyət göstərdiyi 60 il ərzində elə dövrlər olub ki, vergilər həddən çox yüksək idi. Lakin bu, nə ona, nə də həmkarlarına iqtisadiyyata vəsait yatırmağa mane olmayıb”, - Uorren Baffet bildirib.
Qeyd edək ki, “Forbes” yurnalının 2011-ci il reytinqinə əsasən Uorren Baffetin varidatı 50 milyard dollardır. Dünyada ondan varlı cəmi iki nəfər var: Karlos Slim (74 milyard dollar) və Bill Qeyts (56 milyard dollar).
ABŞ prezidenti Barak Obama amerikalı milyarderin təklifini dəstəkləyib. O, büdcə kəsirinin azaldılması üçün varlı amerikalılara qarşı vergilərin artırılmasından imtina edən Respublikaçılar Partiyası nümayəndələrinin mövqeyini də tənqid edib. Barak Obama Minessota ştatının Kennon-flos şəhərindəki çıxışında deyib: “Sizin heç bir vergi güzəştiniz yoxdur. Siz çox vergi ödəyirsiniz. Bəlkə də səhv edirəm, amma mənə elə gəlir ki, siz Uorren Baffet qədər zəngin deyilsiniz. Mənə elə gəlir”.
ABŞ prezidenti söz verib ki, sentyabrda ölkə iqtisadiyyatının vəziyyətinin yaxşılaşdırılması üzrə prezident planını açıqlayacaq. Plan yeni iş yerlərinin artırılması və iqtisadi kəsirlərin ciddi nəzarətə alınmasına yönələcək.
DOSTLARINLA PAYLAŞ: