ABŞ-da Olimpiya forması qalmaqalı
13 İyul 2012 Cümə 10:38
Amerika komandasının geyəcəyi formanın Çin istehsalı olması narazılığa səbəb olub.
ABŞ-ın 2012 London Yay Olimpiya Oyunlarında iştirak edəcək komandanın forması ilə bağlı qalmaqal yaranıb. Qalmaqala ötən gün yerli "NBC" telekanalında baş tutan təqdimat mərasimində nümayiş olunan formanın Çində istehsal olunması faktı səbəb olub.

Məlum olub ki, ABŞ komandasının idmançılarının formasının modelyeri olan Ralf Loren moda evi onun istehsalını Çində təşkil edib. Formanın yarlığında "Made in China" yazısına ABŞ-ın "ABC" telekanalının jurnalistləri də diqqət ediblər.

Bu fakt ABŞ Konqresinin rəhbərliyi və üzvlərinin də narazılığına səbəb olub. Senatorlardan biri "bütün formaları bir yerə yığmağı, yandırmağı və hər şeyi yenidən başlamağı" təklif edib. Konqres ABŞ-ın öz tekstil sənayesinin inkişaf etdiyi halda, idmançılarının Çin istehsalı olan formalar geyinməsini yolverilməz hesab edib.

ABŞ-ın Milli Olimpiya Komitəsi isə öz ünvanına səsləndirilən tənqidləri qəbul etmir və modelyer şirkətin seçimini dəstəkləyir: "Dünyada əksər Olimpiya komandalarından fərqli olaraq, Amerika komandası özəl olaraq maliyyələşdirilir. Biz də öz sponsorlarımıza minnətdarıq və Ralf Lorenin moda evi ilə əməkdaşlıq etməyimizdən qürur duyuruq." - ABŞ Milli Olimpiya Komitəsinin rəsmi nümayəndəsi Patrik Sandaski belə deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar